Bu ilin ilk rübündə Azərbaycan xarici ölkələrdən 93,2 ton pambıq liflərindən hazırlanan və əsasən tibbi məqsədlər üçün istifadə olunan pambıq (vata) idxal edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən alınan pambığın (vata) bir kiloqramının orta gömrük dəyəri 5,5 dollar (9,3 manat) olub.
Qeyd edək ki, Azərbaycan tibbi məqsədli pambığı əsasən Türkiyə (45,1 ton), Türkmənistan (17,3 ton), Çin (11,3 ton) və Rusiyadan (8,9 ton) idxal edir.
Onu da qeyd edək ki, Azərbaycan eyni zamanda bu ölkələrə xam pambıq – daranmaya məruz qalmayan pambıq lifi ixrac edir. Bu ilin ilk 3 ayında Azərbaycan Türkiyəyə 24,8 min ton, Türkmənistana isə 1,3 min ton pambıq lifi satıb. İxrac olunan pambıq lifinin bir kiloqramının orta gömrük dəyəri 1,5 dollar (2,5 manat) olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Azərbaycan xam pambığı xarici ölkələrə 2,5 manata satır, daha sonra həmin ölkələrdən təmizlənmiş və təzyiqlə sıxılmış tibbi məqsədli pambıq (vata) alır.