Ermənilər YENİ SAVAŞ tədarükündə... - NƏ ETMƏLİ?
Tarix: 29-11-2024, 10:06 |
Çap et
“Ermənistanın son vaxtlar hiss olunan revanşizm əhval ruhiyyəsi yenidən regionda problemlər yarada bilər. Azərbaycan torpaqlarını işğaldan azad etməklə beynəlxalq hüquq çərçivəsində Cənubi Qafqazdakı mövcud problemləri həll etdi. Biz artıq Ermənistana sülh əlimizi də uzatmışıq. Ancaq görünür, dəmir yumruğu xalqına unutdurmağa çalışan Paşinyan reytinq xatirinə yenidən səhvə yol vermək istəyir. Fransa kimi havadarlarından ilhamlanan kiçik bacı Qafqazda səs küy yaratma niyyətindədir”.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, əslində burada Ermənistan konkret olaraq maşa rolunu oynayır. Çünki Fransa və Avropa İttifaqı Ukraynada qazana bilmədiyi uğurunun təlafisini Qafqazda etmək istəyir: “Xüsusilə Rusiyanın diqqətini bu istiqamətə çəkməklə sərhədlərinə yaxın ərazidə yeni münaqişə ocaqlarını yaratmağı planlaşdırır. Ancaq Ermənistan rəhbərliyi düşünmür ki, Avropanın əlinə oynamaqla heç nə qazana bilməyəcək. Sadəcə olaraq ortada erməni xalqı qurban veriləcək”.
Deputat vurğulayıb ki, Azərbaycan bu gün elə bir gücdədir ki, məğlub olmaq deyə bir ehtimal yoxdur: “Sadəcə olaraq Ermənistanın yeni müharibə avantürası Qərbin növbəti planıdır. Burada Ermənistan hakimiyyəti ilə Qərbin maraqları üst üstə düşür. Ermənistanın silahlanması, Fransanın Ermənistana silah verməsi, Hindistandan silah alınması, Yunanıstanın S 300 raket komplekslərini Ermənistana vermək niyyəti görünür kompleks şəkildə düşünülmüş və planlaşdırılmış bir məsələdir. Hazırda biz sülh yolunda addımlayırıq. Ancaq təəssüf ki, Qərbin təhriki və dəstəyi ilə Ermənistanın silahlanması Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə, kövrək sülhün pozulmasına və yeni müharibənin başlanmasına səbəb ola bilər”.