Məlum olduğu kimi, elm və təhsil naziri Emin Əmrullayev orta məktəblərdə müəllim əməyinin təşkili ilə bağlı yeni modelə - 8 saatlıq iş rejiminə keçidin vacibliyini bildirib. Onun sözlərinə görə, məktəblərdə daimi və rəqabətli modelə keçid nəzərdə tutulur və bu model müəllimlərə həm daha sabit iş rejimi, həm də daha yüksək maaş vəd edir.
Nazir bildirib ki, yeni sistem könüllü olacaq və yalnız yüksək peşə göstəricilərinə malik, sertifikasiyada yüksək nəticə göstərən müəllimlər bu modelə keçə biləcəklər. Bu müəllimlər həftədə 18-24 saat dərs deyəcək, qalan vaxtlarını isə metodik hazırlığa, fərdi işə və məktəbin daxilində tədrisə dəstək fəaliyyətlərinə sərf edəcəklər.
Bəs məktəblərin müəllimlərin 8 saatlıq iş mühitinə çevrilməsi üçün nələri olması lazımdır?
Redaktor.az xəbər verir ki, bununla bağlı təhsil eksperti Qoşqar Məhərrəmov özünün feysbuk hesabında təkliflərini yazıb.
Onun sözlərinə görə, ilk növbədə müəllimin ya ofisi, ya da özünə aid sinifi, həmin sinifdə kompüter və internet, kompüterin bağlı olduğu mərkəzi bir printer olmalıdır.
"İkincisi, müəllimin 30-60 dəqiqəlik günorta fasiləsi olmalıdır.
Üçüncüsü, müəllimlər otağında çay-kofe üçün şərait, oturmaq üçün kifayət qədər məkan və mebel olmalıdır.
Dördüncüsü, yeməkxanada/bufetdə müəllimlər üçün arakəsmə ilə ayrılmış yer olmalıdır ki, müəllim evindən gətirdiyi naharını rahat yeyə bilsin.
Beşincisi, müəllimin dərs saatı 18-25 saat arası olmalı və qalan saatları məktəbdə digər pedaqoji proseslərə xərcləməlidir.
Altıncısı, müəllimin məvacibi ay ərzində məktəbdə keçirdiyi bütün saatlar nəzərə alınaraq hesablanmalıdır. Məsələn, 4 həftə x 5 x 8 = 160 saat", - deyə Q.Məhərrəmov qeyd edib.













