8 noyabr Zəfər Günü ilə bağlı paytaxt Bakıda keçirilən möhtəşəm hərbi parad bir sıra özəllikləri ilə yadda qaldı. Onlardan biri də budur ki, orada Rusiya istehsalı olan silah-sistemlər daha az gözə dəydi. Bu da yəqin onunla bağlıdır ki, Azərbaycan daha modern, daha keyfiyyətli, daha etibarlı hərbi texnika və arsenala ehtiyac duyur, həmçinin özü artıq bir sıra müasir silahlar istehsal etməyə başlayıb.
Ən önəmlisi, Bakı Alyansda ikinci güclü orduya malik qardaş Türkiyənin köməyi ilə NATO tipli ordu qurmağı hədəfləyib. Daha doğrusu, buna faktiki nail olub. Ötən həftə Bakıda Alyansın böyük nümayəndə heyətini qəbul edərkən Prezident İlham Əliyev ordumuzun NATO standartlarına uyğunlaşdırıldığını və bu kontekstdə Türkiyə ordusu ilə sıx əməkdaşlıq edildiyini xüsusi vurğulayıb.
Bu məqama diqqət çəkən ABŞ-ın “Newsweek” nəşri yazır: “Prezident İlham Əliyev Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırıldığını deyib. Bu prosesdə Türkiyə ordusu ilə sıx əməkdaşlığı və ölkəsi ilə Alyans arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Bakının NATO ilə əməkdaşlığı 1994-cü ildə, Alyansın ”Sülh Naminə Tərəfdaşlıq proqramı" çərçivəsində başlayıb. Rus hərbi analitikləri xəbərdarlıq edirlər ki, Azərbaycan Sovet dövründən qalma döyüş təlimatlarını və hərbi strukturları NATO metodları ilə əvəz edə bilər. Bu fonda Bakının Qərb silahları ilə təchizat prosesini sürətləndirməsi gözlənilir. Rusiyalı analitiklər həmçinin bildirirlər ki, Azərbaycanın ordusunu NATO xətti ilə modernləşdirməsi gələcək üzvlük müraciətinə işarə edə bilər, hərçənd Bakı üzvlük üçün rəsmi müraciət etməyib".
Nəşrə görə, Rusiya üçün digər problem Azərbaycanın NATO üzvü Türkiyə ilə sıx əlaqəsidir ki, bu da Cənubi Qafqazda Moskva və onun müttəfiqi Tehranla gərginliyi artıra bilər.
Bəs faktiki NATO tipli orduya sahib Azərbaycanın gələcəkdə Alyansa üzvlük üçün müraciət etməsi mümkünmü? Hərbi Doktrinamız nə deyir?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirdi ki, Azərbaycanın NATO üzvü olmaq istədiyi haqda iddialar reallığa əsaslanmır. Onun sözlərinə görə, Azərbaycanın silah arsenalını müasir Qərb texnikaları ilə gücləndirməsi o demək deyil ki, alyansa qoşulmaq istəyindədir: “Sadəcə, inteqrasiya vektorumuz Rusiya istiqaməti deyil. Baxmayaraq ki, şimal qonşudan da silah alırıq. Bununla yanaşı, Belarusdan da silah alırıq. Yəni Qərb və Rusiyanın media resursları yanlış propoqanda aparır. Çünki başqa ölkələr də müasir hərbi texnikalara üstünlük verir. Bu silahlar isə daha çox Qərb dövlətlərində istehsal olunur. Ona görə də Azərbaycan istiqamətini müəyyənləşdirir. Eyni zamanda, Ordunun Türkiyə modelinə uyğunlaşdırılması prosesi gedir. Türkiyə sistemi isə NATO standartları deməkdir. Bu da təəccüblü deyil. Çünki alyans ölkələrinin orduları ən müasir metodlarla peşəkarlığını artırır. Yəni bu siyasəti NATO-ya üzvlüyə hazırlıq kimi qiymətləndirməyin əleyhinəyəm”.
Hüquq müdafiəçisi qeyd etdi ki, bu təbliğatı aparanların məqsədi Azərbaycanı hədəfə çıxarmaqdır: “Onlar bu yolla Rusiyanı qızışdırmaq istəyirlər. Bəllidir ki, Rusiya postsovet ölkələrinin NATO üzvlüyünə qəzəblə reaksiya verir və bunun ən aqressiv nümunəsi Ukraynaya hərbi təcavüzüdür. Eləcə də zaman-zaman digər ölkələri təhdid etməkdən çəkinmir. Hətta bu günlərdə rəsmi Moskva Mariya Zaxarovanın dili ilə açıq şəkildə xəbərdarlıq etmişdi ki, Azərbaycan və Ermənistanın NATO ilə yaxınlaşması Rusiyanı narahat edir. Bu baxımdan, Azərbaycanın guya alyansa qoşulmağa həvəsli olduğu haqda təbliğat aparmaqla Bakı ilə Moskvanı üz-üzə qoymağa cəhd edilir. Buna təhrikedici təbliğat da demək olar”.
Siyasi ekspert Ramiyə Məmmədova isə vurğuladı ki, NATO üzvü olmaq o qədər də asan proses deyil: “Odur ki, belə proqnozlar irəli sürülməsi dayaz yanaşmadır. Ümumiyyətlə, Baltikyanı ölkələr istisna, heç bir keçmiş sovet ölkəsi Şimali Atlantika Alyansına üzv qəbul edilməyib. Son olaraq da Skandinaviya dövlətləri qoşulub. Çünki NATO genişlənmə siyasətini daha çox şimal istiqamətində həyata keçirir. Məncə, cənub istiqamətində genişlənmə real görünmür. Yəni Gürcüstan, Moldova kimi ölkələrin üzvlüyü də mümkün deyil. Çünki hər birinin ərazi bütövlüyü təmin olunmayıb. Ukrayna belə üzv edilmədi, çünki NATO nizamnaməsinə görə ərazisində münaqişəli vəziyyət olan ölkə alyansa qoşula bilməz. Azərbaycana gəldikdə, ərazi bütövlüyü və suverenliyi tam bərpa olsa da, Qoşulmama Hərəkatına üzvük. Bu hərəkat qoşulmağın siyasi mənası da budur ki, nə NATO, nə KTMT kimi hərbi blokların tərkibində iştirak etmək istəyindəyik. Azərbaycan hərbi bloklara qoşulmur və neytral ölkədir. Bu da strateji və geopolitik qarşıdurma meydanına çevrilmək riskindən yayınmaq məqsədi daşıyır. Azərbaycanın Türkiyə kimi NATO dövləti olan müttəfiqi və nüvə silahına malik Pakistan kimi müttəfiqi var. Bu da NATO üzvü olmaqdan daha yüksəkdir. Bundan əlavə, Türk Dövlətləri Təşkilatının birgə hərbi təlimlərinin keçirilməsi təklif olunub. Yəni Turan ordusu ideyası var. Bu, daha cazibəlidir”.
Ekspert silahlara gəlincə, Azərbaycanın Türkiyə, İsrail, Rusiya, Çexiya, Serbiya və bir sıra ölkələrin müasir hərbi texnikalarını aldığını əlavə etdi.
"Yeni Müsavat"













