“Ermənistan və Azərbaycan yekun sülh sazişinə nail olmaq ərəfəsindədir”. Bunu Ermənistan parlamentinin sədri Sərkis Xandanyan deyib. O bildirib ki, avqustun 8-də Vaşinqtonda imzalanmış tarixi sülh bəyannaməsi hər iki ölkənin sülh prosesini irəli aparmaq və münaqişə ilə bağlı səhifəni bağlamaq üçün güclü və real öhdəliyidir:
"Vaşinqton Bəyannaməsi suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmətə əsaslanan əməkdaşlıq və münasibətlərin inkişafının yeni dövrü üçün möhkəm zəmin yaradır. Bu, həm də bütün qalan məsələlərin, o cümlədən ölkələrimiz arasında Vaşinqton Sammiti zamanı paraflanmış sülh sazişinin imzalanması və ratifikasiyası da daxil olmaqla, irəliləyiş üçün əsas rolunu oynayır". Xandanyan regional kommunikasiyaların açılması ilə bağlı qeyd edib ki, TRIPP marşrutunun həyata keçirilməsi istiqamətində addımlar praktiki xarakter daşıyır: "Bu marşrut təkcə Cənubi Qafqaz regionuna deyil, həm də Mərkəzi Asiyanı Avropaya birləşdirərək qlobal əhəmiyyət kəsb edəcək. Qarşıdakı yol qarşılıqlı inam yaratmaq üçün bizdən səbir və qayğı tələb edir. İnamın yaradılması istiqamətində mühüm addım Ermənistan və Azərbaycanın birgə müraciəti əsasında ATƏT-in Minsk prosesi və əlaqədar strukturların bağlanması oldu".
Sülh prosesini Sherg.az-a dəyərləndirən politoloq Oqtay Qasımov deyib ki, sülh prosesinin dönməz xarakter alması üçün bir neçə vacib məsələnin həlli mütləqdir. Ekspert vurğulayıb ki, Azərbaycanın irəli sürdüyü tələblər İrəvan hökuməti tərəfindən yerinə yetirilməlidir:
"Ermənistan Konstitusiyasında Azərbaycan və Ermənistana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Digər yandan, ümumi qarşılıqlı etimadın yaranması üçün ilk növbədə ictimai təmasların davam etdirilməsi, genişləndirilməsi vacibdir. 8 avqust Vaşinqton görüşü və orada əldə olunmuş anlaşmalar yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Hər iki dövlət rəhbəri açıq formada bəyan edir ki, sülh prosesinə sadiq qalacaqlar. Şübhəsiz, onillər boyu davam edən və on minlərlə insanın ölümü bahasına başa gəlmiş, ərazilərimizin viran qalması ilə nəticələnmiş işğal prosesinin sonunda etimad mühitinin yaradılması xeyli zaman tələb edəcək. Əgər tərəflərin, ələlxüsus Ermənistan hökumətinin iradəsi yetərli olacaqsa, davamlı sülhü təmin etmək ehtimalı yüksəkdir".Analitik Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkisindən sonra Konstitusiya dəyişikliyinə, referenduma gediləcəyinə ümidvar olduğunu deyib: "Ermənistan əhalisi Konstitusiya dəyişikliyinə səs verərsə, o zaman dayanıqlı sülh üçün imkanlar yaranacaq. Əksinə, erməni toplumu referendumda dəyişikliklərə "yox" deyərsə, həm sülh prosesinə, həm də start verilmiş etimad mühitinin formalaşmasına ciddi zərbə dəyəcək".









