"Gənclik” Könüllü Tələbə İdman Cəmiyyəti İctimai Birliyinin sabiq sədri Tofiq Xanəliyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Tofiq Xanəliyevə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub, 2 il sınaq müddəti seçilməklə cəzası şərti hesab edilib.
Qeyd edək ki, Tofiq Xanəliyev adı keçən və əsas məqsədi tələbə, gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişafına dəstək vermək olan cəmiyyətə ayrılmış 70 min manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunur. İttihama görə o, idman tədbirləri və yarışlar üçün ayrılmış vəsaiti şəxsi mənafeyinə xərcləyib.
Cinayət işində dəymiş ziyandan 40 min manatı ibtidai istintaq zamanı ödənilib.
Sabiq sədr barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.









