Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırılmasından sonra bu ölkəyə yüklərin daşınmasına şərait yaradılıb. Hətta Qazaxıstandan gələn və ölkəmizdən keçməklə Ermənistana gedən buğda dolu qatarların görüntüləri də ictimaiyyətdə maraqla qarşılanıb. Beləliklə Rusiyadan Ermənistana daşımaların da Azərbaycan üzərində həyata keçirilə biləcəyi deyilir. Bu hadisə, uzun illərdir bağlanmış nəqliyyat və ticarət kommunikasiyalarının tədricən bərpası istiqamətində mühüm bir addım kimi qiymətləndirilir.
Prosesin davamı olaraq, yaxın gələcəkdə Ermənistan vasitəsilə Azərbaycana hansı malların və resursların daxil olacağı, tərəflər arasında iqtisadi münasibətlərin hansı səviyyəyə qədər genişlənə biləcəyi kimi suallar aktuallaşır. Beləliklə, bu hadisə regionda kommunikasiya xətlərinin açılması, yeni tranzit marşrutlarının formalaşması, eyni zamanda qarşılıqlı iqtisadi maraqların toqquşma və ya uzlaşma nöqtələrinin təhlili üçün mühüm zəmin yaradır.
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Azərbaycan ilə Ermənistan arasında kommunikasiya xətlərinin açılması, şübhəsiz, regionda sülhə, təhlükəsizliyə və sabitliyə xidmət edir:
“Azərbaycan tərəfdən mühüm bir jest edilib. İlk dəfə Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri zamanı bu məsələni vurğuladı. Artıq Qazaxıstandan gələn buğda qatarı Azərbaycanın ərazisindən keçərək Ermənistana çatıb. Bu, dövlətlər arasında etimadın güclənməsinə xidmət edir. Hər şey qarşılıqlı olmalıdır. Yəni Ermənistan ərazisindən keçəcək Türkiyə yükləri də Azərbaycana çatmalıdır. Bununla kommunikasiya xətləri daha geniş xarakter alacaq.
Danışıqlar prosesində konstruktiv düşüncə tərzi və praqmatizm özünü göstərir. Çox yaxşı haldır ki, aparılan danışıqlar nəticəsində hər iki liderin görüşlərində eyni yanaşma müşahidə olunur. Ermənistanın Baş naziri Nikol Paşinyanın artıq regional reallıqları qəbul etməsi ilə bağlı əlamətlər var. Bu, birgə yaşayış modelinin formalaşmasına gətirib çıxara bilər. İqtisadi və ticarət əlaqələrinin qurulması mümkündür. Belə əməkdaşlıq elementlərinin genişlənməsi isə həm sabitliyin, həm də təhlükəsizliyin təmin olunmasına xidmət edəcək”.











