Biz Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsində maraqlı olan tərəflərdən biriyik. Mən hər iki ölkənin rəhbərliyinə buna hazırlıq nümayiş etdirdiyinə görə təşəkkür etmək istəyirəm.
Bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili İmedi telekanalına müsahibəsində deyib.
“Sülh və sabitlik region üçün vacib əhəmiyyət daşıyır və hər üç ölkə üçün fürsətlər yaradır. Bu kontekstdə, elə bir gün olmur ki, böyük ölkələrdən hansısa bu region barədə danışmasın. Bizim həmçinin Türkiyə ilə əla münasibətlərimiz var. Biz öz mövqeyimizi ifadə etmişik ki, bu region hər kəs üçün cəlbedici olacaq”, - Kavelaşvili deyib.
Siyasi şərhçi Əziz Əlibəyli Sherg.az-a bildirib ki, Gürcüstan Ermənistan və Azərbaycan üçün ən optimal Cənubi Qafqaz ölkəsidir:
"Bakı və İrəvan Moskva, Vaşinqton, Brüsseldə kimi müxtəlif mərkəzlərdə heç vaxt sülh müqaviləsi imzalamaz. Doğrudur, iki ölkə arasındakı son sərhəd xətti də sazişin imzalanması üçün təyin edilə bilər. Digər tərəfdən Ermənistanın işğalçı siyasətinin zərərli nəticəsini təkcə Azərbaycan çəkməyib. Regionda hərbiləşmə, yad qüvvələrin bölgəyə cəlb edilməsi uzun illər Gürcüstanda hakimiyyət dəyişiklikləri, sabitliyin pozulması əslində Ermənistanın işğalının yan təsirlərindən qaynaqlanırdı. Bu baxımdan Cənubi Qafqazda sülhün təmin olunması regionun öz aktorları tərəfindən mümkündür. Kənar gücləri bölgəyə buraxmamaq Azərbaycanın dövlət siyasətinin əsas prioritetdir. Bu gün Gürcüstan yenilik etmir, əslində ölkəmizlə eyni xəttə gəlir".