Əgər, erməni nəşrinin iddiaları doğrudursa, deməli, Rusiyanın Cənubi Qafqazla bağlı uzaqgedən planları var, hər halda, Kremlin yenidən SSRİ KQB-cinin “icad” etdiyi “erməni layihəsi”nə sarılması qətiyyən boşuna deyil... Böyük ehtimalla Kreml növbəti dəfə Cənubi Qafqazda artıq sınaqdan çıxarılmış “erməni faktoru” üzərindən regional separatizmi və terrorizmi dirçəltmək niyyətinə düşüb, bölgədə Rusiyanın maraqlarına cavab verən daha bir “xaos dövrü”nün başladılmasına hazırlaşır...
Cənubi Qafqaz uğrunda mübarizə yenidən intensivləşməyə başlayıb. Belə ki, dünya nəhəngləri yenidən bu regionda qarşıdurma mühitini bərpa etməyə cəhd göstərirlər. Xüsusilə də, Rusiya yenidən Cənubi Qafqazda öz itirilmiş mövqelərinin bərpasına can atır. Üstəlik, Kreml bu məsələni əsasən Ermənistan üzərindən reallaşdırmağa çalışır. Ermənistanın hərbi-siyasi və maliyyə iqtisadi istiqamətlər üzrə Rusiyadan asılı olması Kremlə geniş regional manevr imkanları da açır. Və bu baxımdan, son vaxtlar Paşinyan hakimiyyətinə Kremlin təzyiqlərinin artması qətiyyən gözlənilməz xarakter daşımır.
Onu da qeyd etmək lazımdər ki, hazırda rəsmi İrəvanın Qərbə inteqrasiya kursu demək olar, tamamilə iflasa uğrayıb. ABŞ və Qərbdən vəd olunan dəstəyi tam ala bilməyən Paşinyan hakimiyyəti isə artıq Ermənistanı yenidən Rusiyanın “təhlükəsizlik çətiri” altına qaytarmağın planlarını qurur. Bəzi məlumatlara görə, baş nazir Nikol Paşinyanın Rusiyaya son səfəri çərçivəsində Kremldə ona bu istiqamətdə müəyyən təhdidkar mesajlar da verilib. Və bunun ardınca Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dərhal İrəvana səfər etməsi Ermənistanın “ipinin çəkilməsi” prosesinin artıq başladıldığını göstərir.
Maraqlıdır ki, Rusiyanın Cənubi Qafqazda, eləcə də, Ermənistanda fəallaşması Qərb siyasi dairələrində müəyyən narahatlığa yol açıb. Ona görə də, indi Qərbdəki ermənipərəstlərin də fəallaşdığı müşahidə olunur. Hər halda, ABŞ-ın ermənipərəstliyi ilə tanınan dövlət katibi Marko Rubionun heç bir əsas olmadan, birdən-birə Cənubi Qafqazda yeni münaqişə təhlükəsindən danışması müəmmalı xarakter daşıyır.
Çünki dövlət katibi ABŞ-ın bu regionda yeni savaş təhlükəsinin qarşısını almaq üçün intensiv çalşdığını da vurğulayıb. Və reallıqla heç bir bağlantısı olmayan bu açıqlama onu göstərir ki, ABŞ da daxil olmaqla, Qərbdə Ermənistanın yenidən Rusiyanın orbitinə dönmək cəhdlərinə qətiyyən müşahidəçi qalmaq istəmirlər. Və Azərbaycan-Ermənistan sülh prosesinə müdaxilə etməklə, Cənubi Qafqazı yenidən qarışdırmağa, regionda istinad mexanizmi qazanmağa can atırlar.
Məsələ ondadır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərinin yalnız rəsmi görüşlər deyil, həm də bu ölkədə ictimai əhval-ruhiyyəni yerində öyrənmək məqsədi daşıdığı da iddia olunur. Bu barədə Ermənistanın “Hraparak” nəşru hakimiyyət daxilindəki mənbələrinə istinadən məlumat yayıb. Nəşr iddia edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın son addımlarından sonra onun yaxın vaxtlarda yeni güzəştlərə gedəcəyi ilə bağlı qənaətlər yaranıb. Və Kreml bu güzəştlərin Rusiyanın maraqlarına zidd olmaqla yanaşı, xüsusilə də, Cənubi Qafqazda təsirinin zəiflədilməsi məqsədi daşıya biləcəyindən narahatdır.
“Hraparak” nəşri Rusiya xarici işlər nazirinin İrəvana səfəri ilə bağlı daha bir sensasion sayıla biləcək məlumat yayıb. Erməni nəşrinin Paşinyan hakimiyyəti daxilindəki mənbələrinə istinadən ictimailəşdirdiyi iddiaya görə, rəsmi İrəvan Rusiyadan “artsax”ın dövlət institutları”nın saxlanılması və “artsax” mövzusunun açıq tutulması barədə ciddi xəbərdarlıq mesajı alıb. Və bunun nəticəsi olaraq, Paşinyan hakimiyyəti “artsax”ın qeyri-qanuni qurumlarının fəaliyyətinə tolerant yanaşmaq məcburoyyətində qalıb.
Erməni nəşrinin məlumatına görə, məhz Rusiyanın xəbərdarlığından sonra Paşinyan hakimiyyətinin “artsax konstitusiyası”nın dəyişdirilməsinə susqun qalması, eləcə də, separatçı-terrorçuların “prezident və parlament institutları”nın saxlanılması mümkün olub. Eyni zamanda, Samvel Şahramanyanın 26 sentyabr 2023-cü il tarixli “Dağlıq Qarabağ Respublikası”nın buraxılması haqqında “sərəncam”ını qüvvədən salan “fərman”ının dərc olunması da məhz Kremlin təzyiqləri ilə baş tutub.
“Hraparak” nəşri onu da xatırladıb ki, cəmisi bir neçə ay öncə Paşinyan hakimiyyətinin təmsilçiləri Ermənistanda "dövlət içində dövlət"ə dözməyəcəklərini bəyan edirdilər, “artsax” separatçılarını hədələyərək, bu qondarma qurumun “dövlət institutları”nın saxlanılması ilə bağlı mövzunu müzakirə belə, etməyəcəklərini vurğulayırdılar. Və belə anlaşılır ki, Paşinyan hakimiyyətinin bu mövqeyinin dəyişməsi qətiyyən kənar təsirsiz ola bilməz.
Əgər, erməni nəşrinin iddiaları doğrudursa, deməli, Rusiyanın Cənubi Qafqazla bağlı uzaqgedən planları var. Hər halda, Kremlin yenidən SSRİ KQB-cinin “icad” etdiyi “erməni layihəsi”nə sarılması qətiyyən boşuna deyil. Böyük ehtimalla Rusiya növbəti dəfə Cənubi Qafqazda artıq sınaqdan çıxarılmış “erməni faktoru” üzərindən regional separatizmi və terrorizmi dirçəltmək niyyətinə düşüb. Və bu, regionda Rusiyanın maraqlarına cavab verən növbəti “xaos dövrü”nün başladılmasına hazırlıq təəssüratı yaradır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”