Ötən ilin noyabr ayında Bakı şəhəri Nəsimi rayon prokurorluğu tərəfindən barəsində cinayət işi açılan “Aqroinnova” MMC (VÖEN – 1403603241) nizamnamə kapitalını yeniadən azaldır.
Yeniavaz.com xəbər verir ki, “Aqroinnova” MMC kapitalının 410 min manat həcmində azaldığını elan edib.
Bildirilir ki, kreditorlar öz tələblərini Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, Mirvari y/k, A bloku, 3-cü mərtəbə ünvanına bildirə bilərlər.
Qeyd edək ki, bu ilin fevral ayında da “Aqroinnova” MMC kapitalının 360 min manat həcmində azaldığını açıqlamışdı.
Məlumat üçün bildirək ki, ötən il noyabr ayının 1-də Baş Prokurorluq məlumat yayaraq bildirib ki, ixrac əməliyyatları zamanı 1,6 milyon dollardan artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 2,7 milyon manatdan artıq) Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyi üçün “Aqroinnova” MMC barəsində cinayət işi açılıb.
Qeyd edək ki, “Aqroinnova” MMC 2 dekabr 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi ev 60, mənzil 89-da yerləşir. Dövlət Vergi Xidmətinin reyester məlumatlarında “Aqroinnova” MMC-nin qanuni təmsilçisinin Sultanov Emil Rauf oğlu olduğu göstərilir. Sultanov Emil Rauf oğlu eyni zamanda “Gilan Holdinq”ə bağlı çoxsaylı şirkətlərə rəhbərlik edir. Həmin ünvanda qeydiyyatda olan çoxsaylı şirkətlərin də “Gilan Holdinq”ə bağlı olduğu məlumdur. Bu ünvanda qeydiyyatda olan “Palace İnşaat” MMC-nin rəhbəri Ağayev Laçın Şirvan oğlu həm də “Gilan Satış” MMC-nin rəhbəridir.
Açıq mənbələrdəki məlumatlar isə göstərir ki, “Gilan Holdinq”ə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanları Tale və Nicat Heydərovlar rəhbərlik edib.