Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalandı. Liderlər və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış Bəyannamə 71 bənddən ibarətdir. Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunu vurğulayan dövlət başçıları TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər. Türk dövlətlərinin regionda və onun hüdudlarından kənarda rolunu artıran siyasi, iqtisadi, ekoloji, sosial və mədəni nailiyyətləri təqdir edən prezidentlər “Türk Dünyası Xartiyası”nı türk xalqlarının ortaq mədəniyyətinin, adət-ənənələrinin, dilinin və tarixinin əsas ifadəsi və onların ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivə kimi tanıyıblar. Bəyannamədə xüsusi diqqət çəkən məqamlar isə bunlardır. Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində təşkilatın işinə dəyərli töhfələri alqışlanıb. Bununla yanaşı, Türkiyə lideri Ərdoğan ŞKTC-nin TDT-yə üzv qəbul olunmasına çağırış edib. Üzv dövlətlərin birliyini və həmrəyliyini pozmağa yönəlmiş hər hansı hərəkət və təhdidlərin qarşısının alınmasının vacibliyi vurğulanıb. Türk Dövlətləri Təşkilatı Katibliyinin büdcəsinin əhəmiyyətli dərəcədə artırılması dəstəklənib.
TDT-nin növbəti Zirvə görüşü və nəticələri barədə Sherg.az-ın suallarını cavablandıran politoloq Qulamhüseyn Əlibəyli deyib ki, istənilən halda türk dövlətləri rəhbərlərinin mütəmadi bir araya gəlməsi faydalıdır. Siyasi şərhçi hesab edir ki, əməkdaşlığın daha da dərinləşməsi, əlaqələrin genişlənməsi üçün türk respublikalarının təması intensiv olmalıdır...
- Qulamhüseyn bəy, Macarıstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşü keçirildi və müəyyən qərarlar alındı. Öncə ondan başlayaq ki, belə görüşlər barədə nə düşünürsüz?
- Qeyri-rəsmi görüşlər rəsmi münasibətlərin formalaşmasına, müsbət auranın yaranmasına xidmət edir. Belə görüşlərdə ölkə rəhbərləri özlərini diplomatik məsuliyyətdən kənar hiss edirlər. Bununla da, dövlət başçıları arasındakı münasibətlər daha səmimi xarakter alır, söhbətlər səmimi formada aparılır. Təbii ki, siyasətçilər, dövlət başçıları arasında səmimi münasibətlərin formalaşması gələcəkdə müəyyən rəsmi məsələlərin müzakirəsinə və həllinə də təsirini göstərir. Ona görə də qeyri-rəsmi görüş təcrübəsini uğurlu praktika hesab edirəm. Xatırladım ki, qeyri-rəsmi görüş məhz Azərbaycanın təşəbbüsü ilə gündəmə gətirilib və bugünədək davam edir. Bu yaxınlarda Azərbaycanda yenidən ümumi Zirvə görüşü keçiriləcək. Belə görüşlər böyük rəsmi toplantılara da bir hazırlıqdır. Vaxtaşırı bu cür görüşlərin olması türk dünyasının güclənməsinə xidmət edir.
- Budəfəki Zirvə görüşü Budapeştdə keçirildi. Macarıstanın TDT ilə əməkdaşlığını, türk dünyasını yüksək qiymətləndirməsini necə şərh edərdiniz?
- Macarıstan özünü Türk dünyasının bir üzvü hesab edir. Macarıstan sözü ingilis dilində "hungary" deməkdir. "Hungary", əslində, Hun dövləti deməkdir. Macarlar türk mənşəli olduqlarını yaddan çıxarmaq, unutmaq istəmirlər. Macarıstan TDT-nin rəsmi üzvü olmasa da, müşahidəçi statusunda iclaslarda fəal iştirak edir. Mən Macarıstanın bu cür təşəbbüslərini yüksək qiymətləndirirəm. Görünən odur ki, yaxın gələcəkdə Macarıstan TDT-nin rəsmi üzvü olacaq. Macarıstan kimi bir dövlətin Türk Dövlətləri Təşkilatında təmsil olunması kifayət qədər mühümdür.
- Şimali Kipr Türk Cümhuriyyətinin TDT-nin rəsmi olması da müzakirə olunur. Ərdoğanın bununla bağlı çağırışını necə dəyərləndirirsiniz?
- Şimali Kipr Türk Cümhuriyyəti artıq formalaşmış bir dövlətdir. Bu Cümhuriyyət hansısa separatçı hərəkat nəticəsində yaranmayıb. Sadəcə olaraq Kipr türkləri yunan işğalçı dəstələrindən, kütləvi qırğınlardan özlərini qorumaq üçün formalaşmış bir Cümhuriyyətdir. Düzdür, ŞKTC rəsmən başqa ölkələr tərəfindən tanınmayan bir dövlətdir. Amma gələcəkdə TDT-yə üzv olması mümkündür. Hesab edirəm ki, tədricən ŞKTC-nin müstəqil dövlət kimi tanınması istiqamətində də işlər görülməlidir. Azərbaycan öz mövqeyini bildirib. Bakı bu Cümhuriyyətin rəsmən tanınmasının tərəfdarıdır. Sadəcə, Orta Asiyanın türk ölkələrinin bu məsələdə fərqli fikirləri var. Həmin dövlətlər bu yaxınlarda Avropa İttifaqının bəyanatına qoşuldular. O bəyanatda ŞKTC-nin müstəqil dövlət kimi yaranmasının "yaxşı hal" olmadığı qeyd olunurdu. Ona görə də Orta Asiyanın türk respublikaları ilə bu sahədə fəaliyyət genişləndirilməlidir. Yəni belə bir davranışa görə, türk dövlətlərini kənarda saxlamaq doğru yanaşma olmaz. Gələcəkdə kollektiv şəkildə TDT üzvləri Şimali Kipr Türk Cümhuriyyətini müstəqil dövlət kimi tanımalı və tam hüquqlu üzv kimi öz sıralarına qəbul etməlidirlər.
- Türkmənistanın TDT-də hələ də müşahidəçi statusunda qalmasının səbəbləri sizcə nədir?
- Düzünü desəm, Türkmənistanın TDT-nin rəsmi üzv olmamasının ağlabatan səbəbini görmürəm. Əslində, bunun səbəbini özləri də izah edə bilmirlər. Halbuki, Türkmənistan türk dünyasına, türk dövlətlərinə daha yaxın ölkədir. Ola bilsin, bu məsələdə Rusiyanın və İranın müəyyən təsirləri var. Bu yaxınlarda İran prezidenti Türkmənistanı özlərinə qardaş ölkə elan etdilər. Rusiyanın da Orta Asiya ölkələri üzərində təsiri və təzyiqi faktdır. İstənilən halda Türkmənistanın TDT-nin rəsmi üzvü olması olduqca önəmlidir və bu istiqamətdə çalışmalar davam etməlidir. Bir türk ölkəsinin Mərkəzi Asiyanın ortasında olduğu halda öz qonşularından, qardaşlarından kənarda durması həm qəbuledilməz, həm də qeyri-mümkündür.
- TDT-nin ortaq büdcəsinin artırılması da dəstəkləndi. Ümumiyyətlə, təşkilatın fərqli institututlarının yaradılması təkliflər arasındadır. Sizcə, bu qurumu gücləndirmək üçün hansı əlavə addımlar atılmalıdır?
- Heç nə birdən-birə yaranmır, formalaşmır. Təkmilləşmə zamanla, tədricən olan bir prosesdir. Türk dövlətlərinin vahid təşkilatının olması ideyası hələ 1990-cı illərin ortalarından gündəmdə idi. 2009-cu ildə Türkdilli Dövlətlər adı altında bir qurum rəsmiləşdirildi. Son olaraq da Türk Dövlətləri Təşkilatına çevrildi. TDT-nin güclənməsi üçün türk dövlətlərinin müxtəlif qurumları bir-biri ilə daha sıx əməkdaşlıq etməlidir. Bu məsələdə daimi fəaliyyət göstərən Katibliyin rolu böyükdür. Ona görə də Katiblik üçün xərclərin artırılması düzgün addımdır. TDT nəzdindəki digər qurumlar da vaxtaşırı toplaşırlar, müzakirələr aparır, qərarlar qəbul edirlər. Gələcəkdə vahid orqanizmin formalaşması istiqamətində işlər gedir. Qarşıya hansı məqsəd qoyulubsa, ona uyğun addımlar atılır. Zamana buraxmaq lazımdır.