Gürcüstanın eks-prezidenti Saakaşvili Zəngəzur yolu ilə bağlı gözlənilməz açıqlama verib.
Açıqlamada deyilir:
“Qorxduğumuz başımıza gəlir. Gürcüstan üçün ən pis geosiyasi fəlakət reallaşmaq üzrədir”.
Bu açıqlamanın mahiyyəti nədir? Gürcüstanın bu cür yanaşması Azərbaycan və Gürcüstan arasında münasibətləri poza bilərmi?
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Referans-a açıqlamasında bu sualları cavablandırıb.
“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, habelə perspektivdə Zəngəzur yolunun açılması həm də Cənubi Qafqazda vəziyyətin bir qədər dəyişməsinə səbəb ola bilər. Bu isə daha çox Gürcüstana aiddir. Gürcüstanın bir qədər Qərbdən uzaqlaşaraq Rusiyaya meyillənməsi proseslərin dəyişməsinə təsir göstərə bilər. Bu daha çox Gürcüstanla bağlı reallaşan və qərbin aparıcı olduğu layihələrə şamil oluna bilər. Bu baxımdan Saakaşvili ölkədəki mövcud hakimiyyəti tənqid edir. Yəni bildirmək istəyir ki, bu, hakimiyyətin özüdür. İvanaşvilinin himayədarlığı ilə mövcud olan hakimiyyətin yürütdüyü Rusiya yönümlü siyasət regionda Gürcüstanın bir sıra iqtisadi, nəqliyyat sahələrində uğursuzluğuna səbəb ola bilər. Amma Gürcüstanın baş nazirinin ötən gün Türkiyəyə səfəri, Rəcəb Tayib Ərdoğanla görüşü müəyyən mesajlar verir”.
Siyasi şərhçi qeyd edib ki, Tiflis bununla ənənəvi əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirir. Türkiyə, Gürcüstan və Azərbaycan əlaqələrinin perspektivinə inanır.
“Gürcüstanın Baş Nazirinin Vaşinqtondakı Azərbaycan-Ermənistan razılaşmasını alqışlaması, sülh müqaviləsinin paraflanması məsələsini alqışlaması da Gürcüstanın Regionda sülh və əməkdaşlığı göstərir. Mənə elə gəlir ki, Saakaşvili Azərbaycan-Ermənistan yaxınlaşmasından hakimiyyətə qarşı təhdid vasitəsi kimi istifadə etməyə çalışır. O demək istəyir ki, Azərbaycan-Ermənistanın münasibətlərinin yaxşılaşması Gürcüstanı Cənubi Qafqazdakı iqtisadi-nəqliyyat layihələrindən kənarda qoya bilər. Ancaq mənə elə gəlir ki, Gürcüstandan keçən layihələr də əvvəlki gücü ilə fəaliyyət göstərəcək və bu Cənubi Qafqazdan keçən xəttlərin şaxələnməsidir. Ona görə Saakaşvilinin bu qədər narahat olaraq bunu fəlakət adlandırması yersiz görünür”.