"Vaşinqton görüşünü və əldə olunan razılaşmaları yüksək qiymətləndirirəm. Hesab edirəm ki, razılaşmalar regionumuz üçün sülh, sabitlik və əməkdaşlıq imkanı açır. Odur ki, Vaşinqtonda ABŞ prezidentinin iştirakı ilə əldə edilən razılaşmalar tarixi hadisədir".
Bunu "Reytinq" qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə deyib.
Onun sözlərinə görə, yekun sülhün əldə edilməsi üçün yeganə problem Ermənistandır.
A. Mollazadə bildirib ki, Ermənistan referendumla konstitusiyasında Azərbaycana qarşı ərazi ittihamlarını aradan qaldırmalıdır. Bundan sonra sülh üçün maneə qalmayacaq.
“Artıq ATƏT-in Minsk qrupu da yoxdur. Azərbaycan və Ermənistanın Minisk qrupunun buraxılmasına dair müracətinə ATƏT müsbət reaksiya verib. Yəqin ki, toplantılardan birində bu məsələ təsdiq olunacaq",- deyə Mollazadə əlavə edib.