Son illərdə təkcə mənzil və avtomobil deyil, gündəlik ehtiyaclar, xüsusilə mobil telefon almaq və səyahət etmək üçün də kredit götürənlərin sayı artır. Bu meyl xüsusilə gənclər arasında daha geniş yayılıb. Əksəriyyət “istədiyimi indi alım, sonra ödəyərəm” prinsipi ilə hərəkət edir.
Bu tendensiya hansı problemlərə yol aça bilər?
Globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, bu, sosial və iqtisadi baxımdan ciddi risklər yarada bilər:
“Gənclər sosial şəbəkələrdə gördükləri rahat həyat tərzini tez bir zamanda əldə etmək istəyirlər. Banklar və maliyyə təşkilatları kredit şərtlərini asanlaşdıraraq bu prosesi daha da sürətləndirirlər. Digər tərəfdən, maliyyə savadlılığının aşağı səviyyədə olması, gənclərin uzunmüddətli planlama vərdişlərinin formalaşmaması, gəlir və xərclər arasında balansın qurulmaması bu meyli dərinləşdirir”.
İqtisadçı bildirib ki, əksəriyyət kreditin geri qaytarılması prosesində qarşılaşa biləcəkləri riskləri əvvəlcədən hesablaya bilmir:
“Görünüşdə zərərsiz olan bu davranış tərzi zamanla borc bataqlığına çevrilə bilər. Bir kreditin öhdəsindən gəlməkdə çətinlik çəkən fərd, tez-tez ikinci və ya üçüncü kreditə müraciət edir. Bu, gələcək gəlirlərin hələ formalaşmadan xərclənməsi deməkdir. Geri qaytarılmayan kreditlər həm də bank sektorunda risklərin artmasına, kredit şərtlərinin sərtləşməsinə səbəb ola bilər”.
Kənan Quluzadə qeyd edib ki, sözügedən tendensiya davam edərsə, gələcəkdə gənclər ev almaq, ailə qurmaq, biznesə başlamaq kimi əsas məqsədlərindən uzaq qala bilərlər:
“Cəmiyyət səviyyəsində isə maliyyə baxımından asılı, qeyri-sabit gəlirli və borca bağlı bir nəslin formalaşması riski var. Çıxış yolu ilk növbədə maarifləndirmədir. Gənclərin maliyyə savadlılığı artırılmalı, məktəblərdə və universitetlərdə şəxsi büdcə planlaması, kreditin idarə olunması və uzunmüddətli maliyyə qərarları mövzusunda təlimlər keçirilməlidir. Banklar isə sosial məsuliyyət çərçivəsində gənclərə kredit təqdim edərkən onların maliyyə qabiliyyətini real şəkildə qiymətləndirməli, ehtiyac halında məsləhətçi xidmətlər göstərməlidirlər”.