Xarici işlər naziri Sergey Lavrovun Ermənistana son səfərində Sünikdə (Qərbi Zəngəzur) Rusiya konsulluğunun açılması məsələsi həllini tapmayıb.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Erməni nəşri bildirib ki, hökumətdəki mənbələrdən əldə etdiyimiz məlumata görə, Sergey Lavrovun səfəri Sünikdə Rusiya konsulluğunun açılması məsələsini həll etməyib. Rusiya tərəfi 2023-cü ildən bəri Sünikdə konsulluq açmağa çalışır. Bu arada, artıq İranın 2022-ci ildən etibarən Qafanda konsulluğu fəaliyyət göstərir, yaxın günlərdə (iyunun 1-də) orada Fransa konsulluğu da açılacaq. Rusiya may ayının sonuna kimi konkret razılaşmanın olacağını bildirsə də, mənbələrimiz Ermənistan hökumətinin konsulluğun açılmasının qarşısını almaq üçün hər şeyi edəcəyini bildirir. Dünən hakim partiyanın Qafandakı deputatı Marina Qazaryan açılışın niyə yubanması ilə bağlı sualımıza absurd cavab verib: “Məsələ şəhər merindən asılıdır, ərazi məsələsi həll olunmayıb, konsulluq üçün ərazi axtarırlar, gecikməyə səbəb də budur.
Tanınmış jurnalist, politoloq Fuad Abbasov Sherg.az-a vurğulayıb ki, Rusiyanın Ermənistanda müəyyən boşluqlar buraxması Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsi ilə başlamayıb:
“Bilirik ki, hələ Serj Sərkisyan və Robert Koçaryanın hakimiyyəti dövründə ABŞ-nin dünyadakı ən böyük ikinci səfirliyi, təxminən 1500–2000 arası diplomat və səfirlik işçiləri ilə Ermənistanda fəaliyyətə başlamışdı. Bu prosesin nəticəsi olaraq 2018-ci ildə küçə üsyanları ilə Paşinyanın hakimiyyətə gəlməsi baş verdi.
Rusiya bunu ciddi bir siyasi boşluq kimi qiymətləndirərək Ermənistanda həm öz mövcudluğunu qorumaq, həm də Cənubi Qafqazda geosiyasi mövqelərini möhkəmlətmək məqsədilə uzun illərdir Sünik bölgəsində konsulluq açmaq niyyətindədir. Lakin Ermənistan rəhbərliyi bu niyyətin mahiyyətini yaxşı anlayır. Ona görə də Fransanın və İranın konsulluq açmasına razılıq versə də, Lavrovun oxşar tələbinə və təşəbbüslərinə müsbət cavab vermir. Böyük ehtimalla, Paşinyan hakimiyyətdə olduğu müddət ərzində Rusiyanın bu konsulluq niyyəti reallaşmayacaq”.
Ekspert qeyd edib ki, Rusiyanın Ermənistan üzrə nümayəndəsi Sergey Kiriyenko təyin edildikdən sonra bu proses başladılıb:
“Hətta Ermənistanın keçmiş prezident Robert Koçaryanın Moskvaya dəvət olunaraq müəyyən görüşlər keçirməsi də bu kontekstdə qiymətləndirilə bilər. Eyni zamanda, Koçaryanın oğlu Levon Köçəryan, Ermənistan parlamentinin deputatı Paşinyana qarşı çıxışları ilə gündəmdə qalmaqdadır. Bütün bunlar Rusiyanın Ermənistandakı mövqelərini möhkəmləndirmək istiqamətində atdığı addımlar kimi görünür. Bu proseslərin nə qədər uğurlu olacağını isə indidən demək çətindir. Ermənistan çox yaxşı bilir ki, konsulluq strateji və kəşfiyyat baxımından çox həssas bir mövqe tutur. Sünik bölgəsində Rusiya vətəndaşı olan ermənilər yaşasa da, Ermənistan tərəfi Rusiyanın həmin şəxslərin maraqlarını qorumaq adı ilə konsulluq açmaq istəyinə maraq göstərmir. Çünki Rusiyada yaşayan ermənilərin, o cümlədən Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan başda olmaqla hazırkı Ermənistan hakimiyyətinə qarşı çıxırlar. Onlar Rusiyanın yumşaq gücünün bir hissəsi kimi fəaliyyət göstərirlər. Rusiya isə bu şəxslərin maraqlarını rəsmi olaraq müdafiə etmək üçün konsulluq açmaq niyyətindədir. İkinci mərhələdə isə bu konsulluq vasitəsilə siyasi və strateji maraqlarını həyata keçirməyə çalışacaq. Ermənistan bu planları başa düşür və buna qarşı çıxmağa çalışır. Böyük ehtimalla, Paşinyan hökuməti bu ideyanın gerçəkləşməsinə tam şəkildə icazə verməyəcək. Ancaq müəyyən siyasi razılaşmalar fonunda, Rusiyanın tələbləri qarşılığında konsulluğun açılmasına məcburən razılıq verilə bilər. Bu tələblərin nə ola biləcəyini indidən dəqiq söyləmək çətindir, çünki Ermənistanın iqtisadi cəhətdən Rusiyadan ciddi asılılığı var”.