Tərtərdə minaya düşərək xəsarət alan şəxsin ayağı amputasiya ediləcək.
“Report”un Qarabağ Bürosuna Bərdə Mərkəzi Xəstəxanasında bildirilib ki, bu gün saat 20:30 radələrində Tərtər rayonu Qaradağlı kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1978-ci il təvəllüdlü şəxs (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
“Sağ aşıq baldırının travmatik amputasiyası, sağ baldırın qəlpə yarası diaqnozu təyin edilən pasiyentin üzərində sağ baldır ayaq oynağının şopar oynağı amputasiyası əməliyyatı icra olunacaq. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır”.
20:19
Ağdərə rayonunda minaya düşən şəxs Tərtər xəstəxanasına yerləşdirilib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, Ağdərə rayonunun Qızıloba kənd ərazisində minaya düşərək xəsarət alan 1978-ci il təvəllüdlü Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidən çıxarılıb.
Tərtər Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilən yaralaya ilkin tibbi yardım göstərilib.
T.Hüseynov sağ ayağının pəncəsi və ayağının aşağı hissəsində çoxsaylı qəlpə yaraları alıb. Yaralının Bərdə Rayon Mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə köçürüləcəyi bildirilib.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazi keçmiş təmas xətti olub.
19:23
Ağdərə rayonu ərazisində mülki şəxs minaya düşüb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Qızıloba kənd ərazisində qeydə alınıb.
Məlumata görə, Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara otararkən minaya düşüb.
Hazırda yaralının ərazidən götürülməsi üçün işlər aparılır.