Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərindən sonra bu ölkənin Qafanda konsulluğunun açılması məsələsi yenidən gündəmə gətirilib. Hətta Lavrovun məsələ ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyana şəxsən xəbərdarlıq etdiyi deyilir.
Belə ki, İrəvan hökumətinin Rusiya konsulluğunun açılması məsələsini qəsdən gecikdirdiyi bildirilir. Hətta Fransanın Gorusda konsulluğun açılması məsələsini gündəmə gətirməsindən qısa müddət sonra qərarın təsdiqlənməsi Kremli daha da qəzəbləndirib. Rusiya 2023-cü ildən bu yana müraciət etməsinə baxmayaraq, artıq Fransa konsulluğunun iyunun 2-də açılışına hazırlıq görülməsi diqqətləri regiona yönəldib.
Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Ermənistan hər zaman olduğu kimi yenə də özünü kənar güclərin vassalı kimi aparmaq xislətindən əl çəkmir:
“Ermənistan daim öz ərazisini regional təhlükə mənbəyinə çevirir. Bu ölkənin varlığı əslində başqa güclərin maraqlarına xidmət etməyə əsaslanır. Ermənilər düşünür ki, əgər bu şəkildə fəaliyyət göstərməsələr, bir dövlət kimi tarix səhnəsindən silinə bilərlər. Faktiki olaraq Ermənistan özünü hər zaman siyasi bazarda “satışa” çıxarır, kim daha çox pul və siyasi dəstək verərsə, onun yanında yer alır.
Hazırda Ermənistan heç bir təsir imkanına malik olmayan, nə siyasi, nə hərbi, nə də iqtisadi gücə sahib dövlətdir. Belə olan halda, bu ölkə ilə diplomatik əlaqələrin genişləndirilməsi niyyəti onun nüfuzu ilə deyil, üzərində planlaşdırılan geopolitik məqsədlərlə bağlıdır. Bu kontekstdə həm Rusiyanın, həm də Fransanın Ermənistanın cənub bölgəsində, yəni Sünik vilayətində (Zəngəzur-red.) konsulluq açmaq niyyəti diqqət çəkir. Görünür, bu ölkələr Ermənistan ərazisindən İrana qarşı potensial plasdarm kimi istifadə etməyə hazırlaşırlar”.
Mütəllim Rəhimli
Ekspertin sözlərinə görə, regionda diplomatik nümayəndəlik adı altında agentura şəbəkəsi formalaşdırılır və bu, Tehranla bağlı gələcək strateji planların bir hissəsidir:
“Xatırlayırsınızsa, 2022-ci ildə İran da eyni bölgədə konsulluq açmışdı. Bu, Ermənistan ərazisinin bir geosiyasi alətə çevrildiyini göstərir. Maraqlıdır ki, həmin ərazidən Zəngəzur dəhlizinin keçməsi nəzərdə tutulurdu. Dəhlizə nəzarət məsələsi isə olduqca vacib və həssasdır. İranın ardınca Fransanın və Rusiyanın da bölgəyə “konsulluq” adı ilə yerləşmək istəyi əslində Zəngəzur dəhlizinə nəzarət planının tərkib hissəsidir.
Ermənistan da nə bu proseslərə qarşı çıxır, nə də erməni siyasi kimliyi buna müqavimət göstərməyə imkan verir. Onlar tarixi olaraq himayədarlıq münasibətlərinə öyrəşiblər”.
“Proseslərin bu şəkildə inkişafı Bakının da adekvat və preventiv addımlar atmasını zəruri edir. Azərbaycan Zəngəzur dəhlizinin təhlükəsizliyini özü təmin etməyə hazır olmalıdır. Bu, xarici güclərin regiona dərinləşən müdaxiləsinin qarşısını alar. Eyni zamanda Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışından sonra bu prosesin icrası daha real və effektiv ola bilər”, – M.Rəhimli əlavə edib.