“Ermənistanın baş naziri Nikol Paşinyan çox tez-tez sülhlə bağlı açıqlamalar verir, özünn sülhpərvər, müharibə əlehdarı olan insan kimi qələbə verməyə çalışır. Əslində isə, sülh sazişinin imzalanması üçün heç bir addım atmır. Adamdan soruşarlar ki, sülhdən yana-yana danışmağın nədir, sülhdən qaçmağın nədir?”
Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspert qeyd edib ki, İrəvanın sülhlə bağlı verdiyi açıqlamalar qeyri-səmimidir və həqiqətə söykənmir:
“İrəvanın sülh və təhlükəsizliklə bağlı verdiyi açıqlamalar, səsləndirdiyi bəyanatlar riyakarlıqdan başqa bir şey deyil və həqiqətə əsaslanmır. Ermənistanın atdığı addımlar göstərir ki, İrəvan sülh haqqında düşünmür. Əksinə, sürətlə silahlanma siyasətini davam etdirir. Bütün bunlar bir daha ondan xəbər verir ki, Paşinyan sülh haqqındakı bəyanatları ilə sadəcə beynəlxalq ictimaiyyətdə Ermənistan haqqında müsbət təəssürat yaratmağa çalışır. Yəni hər zaman olduğu kimi, bu gün də Ermənistanın sözü ilə əməli arasında heç bir bağlılıq yoxdur”.