“Azərbaycana qarşı 30 ilə yaxın bir müddət ərzində işğalçılıq siyasətini yürüdən Ermənistanın sonrakı mərhələdə bizə mina problemli bir “miras” olaraq, buraxması təəssüf doğuran bir hallardan biridir. Çünki mina və minanın yaratdığı fəsadlar, bütövlükdə mina terroru anlayışına daxil olan bir məsələdir”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb. Deputat qeyd edib ki, minadan istifadə, xüsusilə də mülki əhaliyə qarşı minanın yaradacağı potensial təhlükələr öz-özlüyündə bir problemdir.
“Əgər iki dövlət arasında münasibətlərdə sülh sazişinin bağlanmasına doğru müəyyən proseslər gedirsə, 44 günlük Vətən müharibəsindən sonra məğlubiyyətə uğramış Ermənistan kapitulyasiya aktını imzalayıbsa və bundan sonrakı mərhələdə Azərbaycanın təklif etdiyi sülh gündəliyini dəstəkləyirsə, 17 bənddən ibarət olan bir sülh sənədinin imzalanmasına dair ümumi razılıq varsa, Ermənistan birmənalı şəkildə zamanında işğal dönəmində basdırdığı minaların xəritələrini Azərbaycan tərəfinə təqdim etməlidir. Əgər bunu etmirsə, bu davranış Ermənistanın Azərbaycanla bağlı niyyətinin xoş olmadığına dair sübut sayılmalıdır. Deməli, Ermənistan Azərbaycanla sülh şəraitində yaşamaq niyyətində deyil. Hətta zamanında verdiyi xəritələr belə həqiqətə uyğun deyil, reallığı əks etdirmir”- deyə deputat qeyd edib.
Azər Allahverənov bildirib ki, bir dönəm Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində basdırılan və sonrakı mərhələdə orada bərpa quruculuq işləri həyata keçirilən zaman bizim müvafiq strukturlar tərəfindən aşkarlanan minaların basdırıldığı yerlərə nəzər saldıqda insan həqiqətən də dəhşətə gəlir.
“Laçın rayonunun ərazisində Qorçu kəndinin yaxınlığında beynəlxalq hava limanı inşa olunan zaman aşkarlanmış minaların basdırıldığı ərazidə, hətta bir kvadratmetrdə 8-12 belə minanın basdırıldığının biz şahidi olmuşuq. Bu da onu göstərir ki, Ermənistan tərəfi bu işğal dönəmində mina basdırmaqla kifayətlənməyərək, hətta 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tərəfinin humanistlik nümayiş etdirdiyi bir şəraitdə yenə də bu çirkin niyyətindən əl çəkməyib və bütövlükdə işğal dönəmində bir milyon yarımdan çox minanın Azərbaycanın işğal olunmuş ərazilərində basdırmağa müvəffəq olub. Buna görə də heç bir məsuliyyət daşımır”-deyə deputat vurğulayıb.
Azər Allahverənovun sözlərinə görə, bu gün minadan zərər çəkənlər, əsasən mülki şəxslərdir. Deputatın fikrincə, burada da niyyət hər vəchlə qayıdış, bərpa, quruculuq işlərini və qayıdış prosesini ləngitmək, bu ərazilərin uzun müddətli yaşayış üçün normal bir şəraitə gətirilməsinə maneə törətmək, infrastruktur qurmağa maneçilik etmək və bu prosesi çətinləşdirməkdir.
Azər Allahverənov qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistan üzərində sərt mövqe sərgiləmir: “Ermənistanın Azərbaycana zamanında törətdiyi mina terroruna, yaratdığı mina probleminə görə, bu gün o terroru davam etdirdiyinə görə və hələ də bir neçə ildir ki, bu problemlə üz- üzə qalan Azərbaycana mina xəritələrini verməməyə, prosesə dəstək olmamaq məsələlərində yalnız təəssüf hissi ilə qeyd edir ki, beynəlxalq təşkilatlar, müəyyən qurumlar, dövlətlər Ermənistana qarşı bu məsələdə çox sərt davranmırlar. Bu da Ermənistanda olan və heç də mehriban qonşuluqda maraqlı olmayan qüvvələrin bir növ dəyirmanına su tökmüş kimi dəyərləndirən bir haldır”.
“Bütün çətinliklərə baxmayaraq, Azərbaycan qarşısına qoyduğu bütün vəzifələri uğurla icra edir, hətta vaxtından öncə icra edir. Ən azından işğal altında olan və zamanında kütləvi şəkildə mina basdırılmış ərazilərdə - Füzulidə, Zəngilanda, Laçında Azərbaycan üç beynəlxalq hava limanının istifadəyə verməsinə müvəffəq olubdur ki, bu da Azərbaycanın sülh mesajının, sülh niyyətinin dünyaya çatdırılması üçün çox vacib bir nüansdır. Dünyanın mütərəqqi qüvvələri Azərbaycanın bu əzmkarlığını təqdir edir. Arzulayırıq ki, Ermənistana da təzyiqlər göstərilsin ki, ən azından Ermənistan mina xəritələrini Azərbaycan tərəfinə təhvil versin”-deyə deputat bildirib.