Ötən gün həm Uşaqların Beynəlxalq Müdafiəsi Günü, həm də ölkəmizdə keçirilən minifutbol üzrə dünya çempionatına görə metroda həddindən artıq sıxlıq yaşanması bir sıra məsələləri gündəmə gətirib. Təkcə xüsusi tarixlərdə deyil, həm də həftəsonları, yaxud bəzi günlərdə oxşar vəziyyət müşahidə olunur. Vətəndaşlar sərinişin çoxluğuna görə qatara rahat daxil olub-çıxa bilməməkdən şikayətlənirlər.
Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi ilə iki dəfə görüşdüklərini bildirib:
“Hər iki görüşdə qeyd olunub ki, hazırda intervalı azaltmaq, sərnişin sıxlığının qarşısını almaq məqsədi ilə bütün imkanlardan istifadə olunur. Lakin fövqəladə işin görülmədiyini düşünürəm. Yəni xəttə əlavə qatarlar buraxılmır, sadəcə sürəti artırmaq, müəyyən vaxt qazanmaqla platformalarda sərnişin sıxlığı azaldılıb. Yavaş-yavaş qatarlararası müddəti tənzimləməyə çalışırlar. Amma Qurban bayramı və ya digər özəl tarixlərdə sıxlıqla bağlı durumun təkrarlanmayacağına heç kim zəmanət vermir. Yəqin ki, eyni vəziyyət yaşanacaq”.
Ekspert ehtiyat üçün əlavə vaqonların olmadığını deyib:
“Bu olarsa, köhnə, havalandırması işləməyən qatarlar niyə sərnişin daşısın? Növbəti mərhələlərdə məsələ hansısa formada tənzimlənməlidir. Çünki 5 il ərzində yeni stansiyaların açılması nəzərdə tutulur və qatarların alınması planlaşdırılır. Belə halda, interval da dəyişəcək. Bizə yüzlərlə qatar və vaqon lazımdır. Hamısını xaricdən ölkəyə gətirmək baha başa gəlir. Azərbaycan artıq xarici şirkətlərlə danışıqlar aparır ki, onların zavodlarından biri ölkəmizdə qurulsun. Bu, həm daxili bazar tələbatını ödəmək, həm də istehsal etdiyi məhsulları ixrac etmək məqsədini güdür. Vaqonların istismar müddəti bitdikcə, onlar yenilənəcək. İstehsal gücümüz artarsa, digər ölkələrə də ixrac edə bilərik”.