“Bizim özünəməxsus, yazılmayan, məhz bizə məxsus olan adətlərimiz var. Xarici ölkələrdə xərçəng xəstələrinin üzünə deyirlər ki, səndə filan xəstəlik var, qorxma, biz bunu müalicə edəcəyik, nə qədər yaşaya biləcəksənsə, o qədər də yaşayacaqsan. Həkimin vəzifəsi bir saniyə də olsa, bir dəqiqə də olsa, bir ay da, il də olsa xəstənin ömrünü uzatmaqdır. Həkim Allah deyil ki, səni bir ömür yaşatsın. Həkimin vəzifəsi ömrü uzatmaqdır. Həkimin bu vəzifə, bu funksiyası var. Bizim ölkədə isə xərçəng xəstələrinin üzünə demirlər ki, sən xəstəsən. Oğluna deyirlər, qızına deyirlər, o da ağlaya-ağlaya gəlir ki, qorxma ata, sağalacaqsan. Bizim ölkədəki həkimlər xəstəyə pis söz demək istəmirlər. Bu insanın xarakterindən asılıdır. Həkimlik elə-belə peşə deyil ki. Həkim çox insani xüsusiyyətlərə malik olan adama deyirlər. Kimyadan, biologiyadan yaxşı qiymət alanlara həkim deyilmir ki”
Bunu Moderator.az -a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib. O daha sonra əlavə edib:
“Həkimlərin hamısı eyni deyil ki. Dünyada 4 tip insan növü var. Neçə cür insan varsa, bir o qədər də tip var. Bir insanın saçının tükününün rəngi qədər eyni başqa bir insanda ola bilməz. Allah səni fərd yaradıb. Şəxsiyyət yaradıb. Gözünün rəngindən ikinci bir adamda ola bilməz. Onun elə çalarları var ki, heç kəsdə yoxdur, ancaq səndə var. Həmçinin də dərinin rəngindən. O 4 növ qan qrupu qan köçürtmək üçündür. 70 milyard qədər qan qrupu kəşf olunub. Mən çalışıram ki, həmişə xəstələrlə mehriban olum. Bununla onlara sən ümid verirsən. Eləsi var ki, burdan sevinclə gedir. Mən çalışıram hər şeyin izahını onlara kitablarla, elmi yolla verim. Bizim millət də elmi sevmir. Elmir çoxdan aparıb basdırmışıq qəbirstanlıqda. Bunları mən yazmamışam ki. Alimlər yazıb. Elmsiz həyat yoxdur. Hər şey elmdir. Allah da elmə üstünlük verir” deyə həkim bildirib.