Qurban bayramı İslam aləmində qeyd edilən bir bayramdır. Hər il insanlar Qurban bayramında niyyət edir, qurbanlar kəsir.
Hazırda da bayrama sayılı günlər qalıb. Dövlət səviyyəsində 2 gün bayram qeyd olunub. İyunun 6, 7- si Azərbaycanda da Qurban bayramı qeyd olunacaq.
İlahiyyatçılarımıza Qurban bayramı ilə bağlı ictimaiyyətin də marağına səbəb olan suallar ünvanlamışıq.
Qurban nə zaman kəsilir?
Kimlər qurban kəsə bilər?
Qurban kəsmək üçün 1 neçə nəfər qoşula bilərmi?
Kredit və ya borcla qurban kəsilə bilərmi?
Məsələ ilə bağlı Gununsesi.info -ya danışan ilahiyyatçı Elşad Miri bildirib ki, bu ay bizə Qurban bayramı kimi təqdim olunub:
“Qurban kəsmək anlayışını mən də həmişə elə bilmişəm, çünki bizə belə öyrədilib. Elə bilirik ki, məsələn, bu günlər zilhiccə ayı gələndə Qurban kəsmək lazımdır və xüsusi olaraq Qurban bayramı kimi təqdim olunub”.
Elşad Mirinin sözlərinə görə, bu gün müsəlmanların yığışdıqları Həcc Allahın istədiyi bir Həcc deyil:
“Çünki ora yığışan insanlar Kəbənin ətrafında təvaf edirlər, sonra Məqami-İbrahim deyilən balaca bir yerdə guya İbrahim Peyğəmbərin ayaq izi var-orada namaz qılırlar. Zəmzəm içirlər. Səfa və Mərvə arasında qaçırlar. Minada gecələyirlər. Ərafata gedirlər. Sonra Müzdəlifədə qalırlar. Daha sonra daş yığıb guya şeytan daşlayırlar. Vəssalam. Bununla bir dəfə də təvaf edib bitirirlər. Bu İslam dini ola bilməz. İslamın bildirdiyi Həcc deyil”.
İlahiyyatçı qeyd edib ki, Həccə gedən insanlar özləri də buna şahid olurlar:
“İnsanlar özləri də həqiqətən bunu görürlər. İnsanlar Minada və yaxud Ərafatda aralarında heç bəlkə 10 sm olmayan yerlərdə, çadırlarda yatırlar. Adam bu barədə danışmaq da istəmir. İnsanlar orda təbii ehtiyaclarla bağlı çox ciddi problemlər yaşayır, təmiz olmayan vəziyyətin şahidi olunur. Əslində isə, Həcc Allahın özəl insanların, yəni nüfuz sahibi olan insanların, yaxud da bugünkü mənada desək, hökumətin, rəhbərliyinin, yaxud təmsilçisinin və ya dövlət başçısının, onun nümayəndəsinin bir yerə yığışması və ordakı məsələlərin həll edilməsi ilə əlaqədardır. Bir də ora zülmə məruz qalanlar, boyunduruq altında olan insanlar üçün problemlərin həlli yeridir”.
Elşad Miri əlavə olaraq bildirib ki, ora yığışanlar üçün də Allah inanan insanlara orada “hədy” deyilir, hədy- hədiyyə sözündəndir:
(Hədy -Həcc və Ümrə zamanı kəsilən qurbanlıq heyvanları Kəbəyə və Harem bölgəsində hədiyyə olaraq kəsilən qurbanı ifadə edir- red.)
“Yəni ki, onların qida və sair kimi məsələlərin həll edilməsi ilə bağlıdır. Yoxsa bizdə qurban kəsilir, əsasən də, hamı ucuz olduğuna görə qoyun kəsir. Kəsiləndən sonra aparıb bölürlər. Məsələn, ailənin ehtiyacı var, amma şəkər xəstəsidir və ya təzyiq problemləri var. Onlara götürüb yeyilməməli olan qurban əti verirlər. Bunlar doğru yanaşma deyil. Ona görə də, əgər bunu etmək istəyən insanlar qurban kəsmək əvəzinə orada nəzərdə tutulan vəsaiti həmin o kasıbların müəyyən xərclərinə ehtiyaclarına təmin edilməsinə xərcləsələr, müəyyən gənclərin təhsil haqqına kömək etsələr, bu, daha gözəl olar. Ən doğrusu da budur”.
İlahiyyat elmləri doktoru, İlahiyyatçı din xadimi Hacı Surxay isə Gununsesi.info -ya açıqlamasında bildirib ki, qurban sözü yaxınlaşmaq mənasındadır:
“Ayın 6-da Qurban bayramıdır. dövlət ayın 6, 7-si Qurban bayramı elan edib. Bölgələrimizdə və Bakıda iyunun 6-sı saat 8-9 radərində yalnız 1 gün bayram namazları qılınacaq. Bu baxımdan qurban sözü yaxınlaşmaq mənasındadır, yəni Allaha yaxınlaşmaq anlamındadır. Bu fiziki deyil, mənəvi cəhətdən Allaha yaxınlaşmaqdır. Allah Təala Qurani- Kərimdə buyurur ki, onların nə əti, nə qanı Allaha çatmaz. Allaha çatacaq yalnız sizin səmimi qəlb ilə etdiyiniz əməldir, kəsdiyiniz qurbandır”.
Hacı Surxay bildirib ki, Qurban bayramı mənəvi bir bayramdır:
“Bir-birinə qardaşlıq, səmimiyyət, barışıq, qocaları axtarmaq, kiçiklərə ehtiram, ehtiyacı olan insanların qayğısına qalmaq, yardımlaşmaq, yedimiz zaman deyil, yedirdiyimiz zaman, geyindiyimiz zaman deyil, geyindirdiyimiz zaman, sevindiyimiz zaman deyil, sevindirdiyimiz zaman bayram bayram olur. Bayram vurğusu mən deyil, biz vurğusudur. Biz sevinəndə bayram olur. Həzrət Əli: “Mən tox olum, qonşum ac olan məndən deyil” buyurub. Allah rəsulunda bu hədisi var”.
İlahiyyatçı qeyd edir ki, inək, keçi, dəvə olmaqla bunlardan qurban kəsiləcək:
“Bir neçə adam iri buynuzlu heyvana, yaxud elə keçiyə və qoyuna şərik ola bilər. Qurbanlığın payı 3 qisimdir, Bir qisim onların özünədir, ikinci qisim qardaş-bacıdır, 3-cü pay isə ehtiyacı olan insanlara verilir. Allah Rəsulu iki qurban kəsərmiş. Soruşardılar, Ya Rəsulullah, bu iki qurbanı niyə kəsirsən? Deyir, biri özümü üçün, ailəm üçün, digəri isə ehtiyacı olan insanlar üçün kəsilir. Və bu baxımdan qurbanlığın fəziləti böyükdür. Qurbanlıq bölgəmizdə vacib deyil, müstəhəbdir, yəni savabı var. Məkkədə kəsilən qurbanlar vacibdir”.
Hacı Surxay vurğulayıb ki, ehtiyacı olan insan qurban kəsə bilməz:
“Adam borc-xərclə, yaxud kreditə girib borc götürürsə, bu, icazəli deyil. Yəni ehtiyacı olan insan düşünməməlidir ki, mənim qurban kəsməyə qismətim yoxdur. Bir adam qurban kəsməyə pulum yoxdur, kaş ki, mən də kəsə bilərdim düşüncəsinə girərsə, elə qurban kəsmiş kimidir. Bu baxımdan hər bir insan nə qədər qurban kəsərsə, Allah yolunda sədəqə vermiş kimidir. Allah yolunda qəlb sevindirmiş kimidir. Bu baxımdan, inşallah bölgələrimizdə də bu qurbanlar kəsiləcək. Allah kəsilən qurbanları qəbul etsin”.