Türkiyədən Azərbaycana yük maşının altından gələn şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş Tofiq Hüseynov (şərti) Türkiyənin Qars şəhərindən İran İslam Respublikasının dövlət sərhədini keçməklə Azərbaycana gəlib və Biləsuvar sərhəd nəzarəti tərəfindən saxlanılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs Türkiyənin Qars şəhərindən İranba yük avtomobilinin təkərlərini birləşdirən yayın (difer) üzərinə orturaraq İrana keçib. Bir neçə gün Təbriz şəhərində qaldıqdan sonra bu dəfə İrandan Azərbaycana (Biləsuvar sərhəd nəzarətinə) nəqliyyat vasitəsinin altında qanunsuz yolla keçib.
Nəqliyyat vasitəsi Azərbaycanın dövlət sərhədində gömrük nəzarətindən keçməsi üçün növbəyə dayanan zaman o, gizləndiyi yerdən çıxıb və sərhədçilərimiz tərəfindən saxlanılıb.
Məhkəmənin hökmü ilə Tofiq Hüseynov Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Qeyd edək ki, aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs 2023-cü ildə Bakı-İstanbul aviareysi ilə İstanbula gedib. O, bibisi oğlu ilə birlikdə Suriya və Pakistan vətəndaşlarını pul müqabilində qanunsuz olaraq Bodrumdan Yunanıstana keçirdiyinə görə saxlanılıb və 7 ay həbs olunub. Həbsdən çıxdıqdan sonra sənədləri olmadığı üçün Azərbaycana qanunsuz yolla qayıdıb.