Rusiyada yetkinlik yaşına çatmayanlara enerji içkilərinin satışı 1 mart 2025-ci il tarixindən rəsmi olaraq qadağan edilib. Hətta mədəniyyət, təhsil, tibb və idman müəssisələrində enerji içkilərinin satışı dayandırılıb. Bu, Azərbaycan ictimaiyyətində müsbət qarşılanıb. Bir çoxları həmin qanunun bizdə də tətbiq edilməsini təklif edir.
Globalinfo.az-a danışan deputat Aqil Abbas adətən, Rusiya və ya Avropanın tətbiq etdiyi qadağaların, qanunların Azərbaycanda da edilməsinin əleyhinə olduğunu deyib.
O, yalnız ağıllı və müsbət qadağaların tərəfdarı olduğunu bildirib:
“Ümumiyyətlə, dəfələrlə energetik içkilərin istifadəsinin qadağan edilməsini təklif etmişəm. Çünki uşaqlar fanta və kola kimi qazlı şirələrə, “Bizon” və digər energetik içkilərə öyrəşir, sonra da onlarda asılılıq yaranır. Ona görə də həmişə bu içkilərin əleyhinə olmuşam. Amma “Rusiya qadağa edib, biz də etməliyik” fikri ilə heç vaxt razı olmamışam. Heç bir ölkə bizə nümunə deyil. Lakin özümüz uşaqlarımıza qadağa, eyni zamanda içməməyi tövsiyyə edə bilərik. Energetik içkini yalnız uşaq və gənclərin deyil, böyüklərin də içməsi bizi narahat edir. Şəxsən mən o içkiləri sevmirəm və başqalarına da məsləhət görmürəm. Ziyanlı tərəfini həkimlər deyə bilər”.
Deputat oğlan uşaqlarının bezdən istifadəsinə qarşı olduğunu da qeyd edib:
“İstəmirəm ki, oğlan uşaqlarına pampers geyindirilsin. Bu, kişilərdə sonsuzluq yarada bilər. Biz ailədə 8 uşaq olmuşuq, anam hamımızı bələyib. Nə olub bizə? Şükür Allaha, özümüz də düz, belimiz də düz. Qız uşaqlarının bez geyinməsində problem yoxdur, oğul övladına olmaz”.