Bu günlərdə Pakistanın İslamabad şəhərində Azərbaycan Müdafiə Nazirliyi ilə Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahı arasında “11-ci İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib. Nəticədə Azərbaycan və Pakistan arasında hərbi sahədə protokol imzalanıb.
Bu hərbi əməkdaşlıq ölkəmizin hərbi imkanları üçün nə vəd edir? Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Referans -a açıqlama verib. Hərbi ekspert bildirib ki, Azərbaycan ilə Pakistan arasında müdafiə və hərbi sahədə əməkdaşlıq 2002-ci ildən davam edir. Münasibətlər sazişin imzalandığı gündən bu günə qədər kifayət qədər yüksək templərlə inkişaf edir.
Ekspert onu da diqqətə çatdırıb ki, Pakistan Azərbaycanın çox vacib hərbi-strateji müttəfiqlərindən biri hesab olunur. Ümumiyyətlə, Azərbaycanın hərbi və digər sahələrdə Pakistan, həmçinin Türkiyə ilə əməkdaşlığı unikal bir xarakter daşıyır. Bu barədə dövlətlər arasında bir neçə müvafiq müqavilə və sazişlər də imzalanıb. Hazırda hər üç ölkə arasında təhlükəsizlik, hərbi-texniki, hərbi-təhsil sahələrində geniş əməkdaşlıq formatı mövcuddur. Hərbi-hava və hərbi-dəniz qüvvələri arasında əlaqələr kifayət qədər genişlənib. Müdafiə sənayesi sahəsində birgə layihələr müzakirə edilir. Hər üç ölkə bütün beynəlxalq platformalarda bir-birini aktiv bir şəkildə dəstəkləyir. Təsadüfi deyil ki, Azərbaycanda hərbi-hava qüvvələrinin modernləşdirilməsi istiqamətində aviasiya vasitələrinin alınmasında məhz Türkiyə və Pakistan döyüş vasitələrinə üstünlük verilir. Artıq qardaş ölkələrdə istifadə olunan pilotlu və pilotsuz aviasiya vasitələri Azərbaycan hərbi-hava qüvvələrinin arsenalına daxil edilir. "11-ci İşçi Qrupu Səviyyəli Görüş"ün keçirilməsi və bu görüş çərçivəsində Azərbaycanla Pakistan arasında hərbi protokolun imzalanması Azərbaycan ilə Pakistan arasında yaxın və orta perspektivdə hərbi sahədə birgə fəaliyyətlərin daha da intensivləşdirilməsinin göstəricisidir. Ehtimalla yaxın perspektivlə biz Azərbaycan və Pakistanın birgə hərbi təlimlərini izləyəcəyik. Burada qarşılıqlı hərbi kontingentin səfərbərlik təlim kursları və başqa fəaliyyətlər də həyata keçirilə bilər", - deyə hərbi ekspert qeyd edib.