G7-nin maliyyə nazirləri oktyabrın 1-də görüşərək Rusiyaya təzyiqləri artırmaq və Ukraynaya dəstək üçün tədbirlər görmək barədə razılığa gəliblər.
APA xəbər verir ki, bu barədə G7 ölkələri nazirlərinin Kanada hökumətinin saytında dərc olunmuş bəyanatında deyilir.
“Rusiyanın NATO hava məkanını pozması, mülki şəxslərə hücumların intensivləşdirilməsi, Ukraynada hökumət və diplomatik binalara ziyan vurması da daxil olmaqla, növbəti eskalasiya hərəkətləri qəbuledilməzdir və sülhə nail olmaq üçün səylərə xələl gətirir”, - bəyanatda deyilir.
Qeyd olunur ki, Ukraynanın dayanıqlığının gücləndirilməsinə və Rusiyanın müharibə aparmaq qabiliyyətinin zəiflədilməsinə yönəlmiş tədbirlərin gücləndirilməsinin vaxtı çatıb.
Odur ki, Ukraynaya maliyyə dəstəyi üçün variantlar hazırlanır ki, dondurulmuş bütün Rusiya aktivlərindən istifadə də bura daxildir.
Nazirlər həmçinin Moskvanın əsas gəlir mənbəyi olan Rusiya neftinin ixracına təzyiqin artırılmasının zəruriliyi ilə bağlı da razılığa gəliblər.
Bu baxımdan Rusiyadan məhsulların idxalının, o cümlədən karbohidrogen idxalının azaldılması və mərhələli şəkildə dayandırılması üçün də tədbirlər görüləcək.