Hər kəsə məlumdur ki, cənub qonşumuz İran Zəngəzur dəhlizinin açılmasını əngəlləmək üçün dəridən-qabıqdan çıxır. Bu istiqamətdə mövqeyini açıq şəkildə büruzə verir. Tam əminliklə demək olar ki, hazırda dəhlizin açılmasını istəməyən yeganə ölkə qismində cənub qonşumuz görünür. Bu da Bakı-Tehran münasibətlərinə ciddi şəkildə zərbə vuran faktorlardan biridir.
Musavat.com xəbər verir ki, siyasi şərhçi Fikrət Fərəməzoğlu nə üçün İranın belə mövqedə olması ilə bağlı diqqətçəkən 10 səbəb sadalayıb:
"1. Ortada təkcə Zəngəzur yox, Pakistan və Əfqanıstanı birləşdirən Lazur dəhlizindən də söhbət gedir. Hər iki dəhliz İranı bir çox iri layihələrdən kənarda qoyur.
2. İran geostrateji əhəmiyyətini itirir. Tarixi İpək yolundan məhrum olur.
3. Xəzər hövzəsində və Qafqazda təsir imkanları və nüfuzunu itirir. Bu, Qara dənizə qədər geniş bir strateji ərazinin itirilməsi deməkdir.
4. İran logistika mərkəzi olmaqdan çıxır. Şərqlə Qərbi birləşdirən məntəqədən ikinci dərəcəli köməkçi ölkəyə çevrilir.
5. Orta Asiyada təsir imkanlarını itirir. Çabahar limanına yüz milyonlarla dollar yatırıb, Orta Asiyanın mallarını Fars körfəzi ilə daşımaq şansından məhrum olur.
6. Quru yolla yükdaşıma imkanlarını itirir. Güvənsiz, sanksiya altında, sığortalanmamış yoldan alternativ varkən kimsə istifadə etməyəcək.
7. Rusiya ilə əlaqələrində Azərbaycan olmasa, ciddi axsamalar yaşayacaq. Bu gün İran Rusiyaya yüklərinin 90 faizini Azərbaycan üzərindən daşıyır. Bu, rəsmi statistikadır.
8. Yeni dəhlizlər İranın Yaxın Şərqdəki təsirini də sual altında qoyacaq.
Azərbaycanın Suriyaya qaz satması gələcəkdə Orta Asiya qazının da nəqli üçün imkan yaradır. Yəni gələcəkdə Orta Asiya neft və qazı Xəzər üzərindən və Ermənistandan keçəcək kəmərlə Qərbə daşınacaq. İran bu prosesdən kənarda qalacağını artıq dərk etməyə başlayıb. Üstəlik, iqtisadçılar bunu Tehran rejiminin dili ilə danışırlar.
9. Yaxın Şərqin jandarmı funksiyasından məhrum olur. Bunun dəhlizlərdə birbaşa da olmasa, dolayı əlaqəsi var.
10. İqtisadi və siyasi mühasirəyə düşür. Ələlxüsus, geostrateji böhran mərkəzinə çevrilir. Onsuz da iqtisadi durumu pisdir. Bu addımlar işi daha da ağırlaşdıracaq.
Çoxlu səbəb saymaq olar. Məncə, bu qədəri mənzərəni tam görməyə imkan verir".