Ermənistan və Azərbaycan liderlərinin yekun sülhün əldə olunması istiqamətdə prosesi intensivləşdirməsi münasibətlərin normallaşması üçün ümidverici addım kimi qiymətləndirilir. Lakin burada rəsmi diplomatiya ilə paralel, xalq diplomatiyasının rolunun da vacibliyi vurğulanır.
Artıq liderlər və hökumətlər səviyyəsində müəyyən razılaşmalar əldə edilsə də, iki xalq arasında düşmən münasibətləri qalmaqdadır. Sülh müqaviləsi imzalandıqdan sonra qonşuluq münasibətlərinin bərpası üçün xalqlar arasındakı anlaşmazlıqlar və gərginlik aradan qaldırılmalı, yeni əlaqələr formalaşmalıdır.
İki xalq arasında düşmən münasibətinin sona çatması üçün hansı addımlar atılmalıdır?
Globalinfo.az-a danışan politoloq Xəqani Cəfərli bildirib ki, Ermənistanla sülh müqaviləsinin imzalanması yalnız iki dövlət arasında deyil, həm də iki xalq arasında sülh yolunu açmalıdır:
“Xalqlar əməkdaşlıq və ticarət əlaqələri qurmadıqları zaman münaqişəyə daha yaxın olurlar. Bu əlaqələr qarşıdurma ehtimalını aşağı saldığı üçün sülh müqaviləsinin imzalanmasından sonra iki toplum arasında bağlantıların bərpa olunmasına başlanılacaq. Hazırda əsas müzakirələr rəsmi şəxslər arasında aparılır. Ancaq bu proses sülh müqaviləsindən sonra tədricən cəmiyyətin bütün təbəqələrini əhatə edəcək. Əlbətdə, bunun müəyyən çətinlikləri olacaq. Lakin İran və Gürcüstanda yaşayan soydaşlarımızın hətta münaqişə illərində Ermənistana səfərlərinin təhlükəsiz keçməsi belə qənaət yaradır ki, qısa müddətdə iki cəmiyyət arasında əməkdaşlıq bərpa oluna bilər”.
Politoloqun sözlərinə görə, işğal illərində təmas xəttində və Azərbaycan-Ermənsitan sərhədində qarşıdurma olsa da, bu ərazilərdən kənar coğrafiyada azərbaycanlılarla ermənilər arasında etnik müstəvidə geniş qarşıdurma da müşahidə edilmədi:
“Çünki Rusiyanın bütün cəhdlərinə baxmayaraq, bu etnik və ya dini qarşıdurma deyildi. Problem siyasi mənşəli olduğu üçün bunu yaradan səbəblər aradan qalxdıqda, yaxud təsiri azaldıqda münaqişə də sönməyə başlayır. İki toplum arasında əməkdaşlıq da bu prosesə ciddi təsir edəcək. Fikrimcə, əməkdaşlıq sərhədyanı ticarətdən başlayacaq”.