Bir neçə gün öncə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə Latviya və Litvada məktəb direktorları üçün beynəlxalq təcrübə proqramının həyata keçirilməsi barədə rəsmi məlumat yayıb. Məlumatda qeyd olunurdu ki, proqramda iştirak edən 20 direktorun səfər xərcləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən qarşılanıb.
Lakin bu xəbər ictimaiyyətə açıqlandıqdan dərhal sonra təhsil sferasında ciddi suallar doğurub. İllərlə Həmkarlar İttifaqına üzvlük haqqı ödəyən minlərlə müəllimin yay aylarında istirahət üçün göndəriş tapmaqda çətinlik çəkdiyi bir vaxtda, bu vəsaitin məktəb direktorlarının Avropaya səfəri üçün xərclənməsi geniş narazılığa səbəb olub.
Səfərin maliyyələşmə mənbəyi, iştirakçıların seçilmə meyarları və səfər ölkələrinin təyin olunması ilə bağlı şəffaflığın olmaması bu narazılığı daha da artırıb. Məsələ ilə bağlı Editor.az geniş araşdırma təqdim etmişdi.
Bu gün isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məsələ ilə bağlı Editor.az-a rəsmi məlumat göndərib. Qurum bəyan edib ki, Latviya və Litvada keçirilən səfər onların təşkilatçılığı ilə baş tutmayıb:
“Bildiririk ki, Agentlik tərəfindən direktorların təcrübə proqramı çərçivəsində heç bir səfəri təşkil edilməyib. Təhsil müəssisələrinin rəhbərləri hazırda əmək məzuniyyətindədirlər.”
Editor.az xatırladır ki, bir neçə gün əvvəl Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı səfərin məhz Dövlət Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutduğu və iştirakçıların Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təqdim ediliyi haqda rəsmi məlumat yaymışdı. Bu barədə ittifaqın rəsmi saytında və əksər xəbər saytlarında məlumat dərc edilib.
Məsələnin daha da diqqətçəkən tərəfi odur ki, həmin məlumat artıq ittifaqın rəsmi internet resursundan silinib.
Bütün bu ziddiyyətli açıqlamalar və gizlədilən detallardan sonra haqlı olaraq sual yaranır: Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqı və onun sədri Araz Paşayev təhsil ictimaiyyətində ciddi narazılıq doğuran bu səfərin təşkilinə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini “şərik” çıxarmaqla nəyi hədəfləyir və ya kimi aldatmağa çalışır?
Sosial şəbəkələrdə müəllimlərin səsləndirdiyi etirazlar, eləcə də ictimai etimadın zəifləməsi fonunda məsələyə aydınlıq gətirilməsi və cavabdeh şəxslərin ictimaiyyət qarşısında hesabat verməsi zəruri görünür.
//Editor.az