“Bu gün Vaşinqtonda imzalanacaq sənədlər arasında Zəngəzur dəhlizi ilə bağlı sənədin də yer alacağı gözlənilir. Bu dəhliz “Tramp yolu” adlandırılacaq, beynəlxalq sülh və rifah yolu kimi təqdim ediləcək və ABŞ-nin müvafiq şirkəti bu yolun təhlükəsizliyi və nəzarətini təmin edəcək”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
O, İrəvanın daha əvvəl Vaşinqtonun məlum təklifinə reaksiyasından sonra sözügedən məsələdə əldə olunan razılaşmanın detallarını şərh edib.
Analitikin fikrincə, ABŞ-in Zəngəzur dəhlizindəki maraqları, əsasən, iqtisadi və maliyyə deyil, geosiyasi xarakter daşıyır:
“Maliyyə maraqları olsa da, önəmli olan regionda ABŞ-nin təsir dairəsini genişləndirməsidir. Birincisi, Qafqaz regionunda ABŞ öz mövqeyini yenidən gücləndirməyə çalışır. İkincisi, Rusiya və İranın təsirini zəiflətməkdir – yəni, Rusiya və İranı kənarlaşdıran, “bypass” edən bir dəhlizin açılmasıdır. Bu yolla Avropa ilə Qafqaz və Orta Asiya arasında zəngin təbii sərvətlərə malik regionlar arasında yeni nəqliyyat-kommunikasiya xətti yaradılacaq. Bu isə Avropanın Rusiyadan asılılığının azaldılması ilə nəticələnəcək. ABŞ uzun müddətdir ki, bu cür təşəbbüsləri dəstəkləyir. Məsələn, Bakı-Tbilisi-Ceyhan və TAP layihələrində ABŞ məhz buna görə dəstəkləyici rol oynayıb”.
Müsahibimiz diqqətə çatdırıb ki, İrəvanın başqa seçimi qalmamışdı, çünki Ermənistan hakimiyyəti hazırda Rusiyadan uzaqlaşmaq xəttini əsas götürüb:
“Hazırda Rusiya Ermənistanda qarışıqlıq yaratmağa, müxalifəti və kilsəni qızışdırmağa çalışır. Ermənistan Rusiyadan uzaqlaşırsa, deməli, Avropa, Türkiyə və Azərbaycanla, xüsusilə Avropa ilə yaxınlaşma yolunu seçməlidir. Türkiyə isə Azərbaycanla münasibətləri normallaşdırmalı, əlaqələri genişləndirməlidir. Zəngəzur dəhlizi bunun vacib faktoru və elementidir. Buna görə də Ermənistan buna razılıq verməli idi”.
Siyasi təhlilçi düşünür ki, ABŞ tərəfi Ermənistanı bir daha inandıra bilib ki, bu dəhliz Ermənistanın suverenliyini və ərazi bütövlüyünü pozmayacaq:
“Sadəcə azərbaycanlıların Naxçıvana maneəsiz keçidi təmin olunacaq ki, bu da bizim əsas şərtimiz idi. Təhlükəsizlik məsələsi də ABŞ-nin nəzarətində olan şirkət tərəfindən təmin olunacaq. Məncə, bu variant bütün tərəfləri – həm ABŞ-ni, həm Ermənistanı, həm də Azərbaycanı qane edir. Azərbaycan həm Naxçıvana çıxışı təmin etmiş olacaq, həm də Türkiyə və Avropa ilə əlavə nəqliyyat əlaqəsi qurulacaq”.