Şamaxıda məktəblini zorla qaçıran şəxs həbs edilib. O, qaçırdığı qızın anasına zəng edərik “biz ailə olduq” deyərək polisə məlumat verilməməsini istəyib.
Musavat.com xəbər verir ki, 25 yaşlı Rasim (ad şərtidir) 15 yaşlı məktəbli Laləni (ad şərtidir) qorxudaraq qaçırıb.
İstintaq zamanı müəyyən edilib ki, Rasim Laləyə yaxınlaşaraq onu çoxdan gördüyünü, bəyəndiyini deyib. Buna görə də onunla instaqram üzərindən danışmağı təklif edib. Bir müddət sonra Lalə ilə görüşərək onunla ailə həyatı qurmaq istədiyini deyərək qohumunun evinə aparıb. Oradan Lalənin üzündən və sinəsindən öpüb. Sonra Laləni öz evlərinə aparıb. Bir neçə saat sonra evə polis əməkdaşları gələn zaman Rasim qaçıb.
Rasim və Lalə dindirilən zaman fərqli ifadələr veriblər. Rasim bildirib ki, Lalə ilə könüllü görüşüb və evlənmək niyyətində olublar.
Onun sözlərinə görə Lalə ilə marketdə görüşəndə tanış olublar. Sonra Lalə onun instaqram səhifəsindən yazıb, sonra da zəng edib.
“Lalə ilə görüşəndə özünü Kürə atacağını deyirdi. Ona qorxmamasını, yanında olduğumu dedim. Lalə də anasına zəng edərək sevdiyi adamın yanında olduğunu dedi. Lalə evdən təzyiqlər edildiyini deyirdi. Lalə mənim telefonumdan atasına zəng vurdu. “Məni axtarmayın, mən istədiyim oğlanın yanındayam” dedi. Bir az sonra tanımadığım nömrədən Lalənin anası zəng elədi. Ona dedim ki, narahat olma. Lalənin anası,- “qızımın yaşı azdı. Yaşı tamam olanda üzük taxarsan, evlənərsiz” dedi. Mən də dedim ki, Laləni özüm gətirəcəm. Sonra da telefonu söndürdüm. Lalə ilə çay içdik. Bir neçə saat sonra telefonu açanda çoxsaylı zənglər gəldiyini gördüm. Zəng edənlər arasında polislər də var idi. Qardaşım da zəng edib, niyə qız qaçırdığımı soruşdu. Laləni götürüb öz evimizə apardım. Ailə üzvlərimə baş verənləri danışdım. Bacım Laləyə paltar verdi ki, məktəbli formasını dəyişsin. Bir az sonra polislər gələndə evdən qaçdım”,- deyə Rasim ifadəsində bildirib.
Rasim ittihamla özünü təqsirli bilməyərək Laləyə qarşı heç bir zorakılıq hərəkəti etmədiyini deyib.
Lalə isə ifadəsində Rasim tərəfindən hədə-qorxu gəlinərək qaçırıldığını deyib. Bildirib ki, Rasim ona yaxınlaşaraq onu çoxdan izlədiyini, adına söz çıxmasın deyə yaxınlaşmadığını bildirib:
“Rasim instaqram səhifəsini verərək ona zəng etməyimi istədi. Əks halda başıma oyun açacağını dedi. Dərsdən çıxanda Rasimin hədə-qorxu gəlməsindən qorxdum. Babamın qəbrini ziyarət edəndən sonra Kürün kənarına getdim. Tanımadığım bir kişidən Rasimə zəng etdim. 10 dəqiqə sonra Rasim gəldi. Rasim mənə dedi ki, nə istəsə, edəcək. Ata-anama zəng edib polisə şikayət etməmələrini deməyimi tələb etdi. Ona məktəbdə oxuduğumu, buraxmasını dedim. Mən də məcbur qalıb anama zəng edib istədiyim adamın yanında olduğumu söylədim. Anama “biz ailə olduq” deməyimi tələb edirdi. Bir az sonra taksi ilə Rasimin evinə getdik. Ailəsi də evdə idi. Mən bacısının otağında qaldım, yemək də təklif etdilər. Sonra da polislər gəldi”.
Lalə ifadəsində Rasimin onu yanağından və sinəsindən öpdüyün bildirib. Sonda isə Rasimə qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini istəyib.
Məlumata görə Lalənin yerini kamera görüntülərinə baxaraq müəyyən ediblər. Rasimlə Lalənin marketdə danışdığını izləyən polis əməkdaşları onların harada olduğunu təxmin edərək evlərinə gəliblər. Bu zaman polisləri görən Rasim qaçıb.
İstintaq zamanı məlum olub ki, Rasim daha əvvəl oğurluq və narkotik ittihamı ilə məhkumluq yaşayıbmış.
Rasim bu dəfə Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatan, lakin on altı yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib.