Rusiya tərəfi hərbi aerodromlarına dron hücumlarının davam etdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ötən gün yerli vaxtla saat 20:10-dan 21:45-ə qədər ölkənin hava hücumundan müdafiə sistemlərinin Kursk, Belqorod, Bryansk və Oryol vilayətlərinin üzərində Ukraynaya məxsus 53 pilotsuz uçuş aparatını məhv etdiyi və ələ keçirdiyi barədə məlumat yayıb.
Tezliklə şəbəkədə Lipetsk, Borisoqlebsk, Ryazan və Voronejə dron hücumları haqqında yazılar yayılmağa başlayıb. Kursk vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksandr Xişteyn Kursk üzərində PUA-ların vurulduğunu, qalıqların düşməsi nəticəsində şəxsi evlərdə, həmçinin çoxmənzilli binada yanğınların baş verdiyini açıqlayıb. Xəsarət alan yoxdur.
Rusiyanın “Telegram” kanalları Lipetskdə dronların hədəfinin hərbi aerodromun, Voronej vilayətində "Borisoqlebsk", Ryazanda isə "Dyagilevo" aviabazalarının ola biləcəyi barədə məlumat yayıb. Hazırda Ryazanda böyük yanğın müşahidə olunur.