Azərbaycana kərə yağı idxalı artıb. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir. Qurum vurğulayır ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan 9 min 323 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib. Həmin həcmdə yağların idxal dəyəri 65 milyon 474 min ABŞ dolları göstərilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 min 387 ton (17.4 faiz), dəyər baxımından isə 24 milyon 499 min ABŞ dolları (59.7 faiz) çoxdur.
Azərbaycanda marqarin istehsalı artıb, kərə yağı azalıb
Kərə yağı idxalının artmasının səbəblərindən biri kimi onun ölkədə istehsalının azalması göstərilir. Bu ilin yanvar-aprelində Azərbaycanda 16.4 min ton marqarin istehsal edilib. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 478 ton və ya 3 faiz çoxdur.
Hesabat dövründə ölkədə 8.7 min ton kərə yağı istehsal edilib ki, bu da illik müqayisədə 223 ton, yaxud da 2.5 faiz azdır.
Üstəlik, iqtisadçılar deyir ki, daxili istehsalın özünü araşdırılmasına ehtiyac var. Onların fikrincə, daxili istehsal deyəndə bəzən söhbət təkcə qablaşdırmadan gedir. Onlar kərə yağı idxalının artmasında başqa amillərin də rolunu istisna etmirlər.
Ümumilikdə götürəndə Azərbaycanda idxalda kəskin artım var. Hesabat dövründə idxal təqribən 2 milyard 668 milyon dollar, başqa sözlə 48.8 faiz artaraq 8 milyard 133 milyon dollara çatıb. İdxalda əsas malları ət, süd, kərə yağı təşkil edir.
"DİA-AZ"