"Bu paylaşımı etməyimin səbəbi Limak Kargo şirkətinin məsuliyyətsizliyi, müştəriyə hörmətsiz yanaşması və ümumilikdə qəbuledilməz xidmət səviyyəsidir..." "DİA-AZ" xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Əzizə Məhərrəmli adlı istifadəçi vurğulayır.
Narazı vətəndaş daha sonra bildirir: "30.04.2025 tarixində Temu platforması üzərindən sifariş verdiyim bağlama bu günə qədər mənə çatdırılmayıb. Ən qəribəsi odur ki, heç bir şəkildə mənimlə əlaqə saxlanılmadan şəxsi kabinetdə "çatdırılıb" qeyd olunub.
Ard-arda beş gün boyunca Limak şirkətinin əlaqə nömrəsinə zəng etmişəm. Hər zəngdə təxminən 25 dəqiqə gözləmişəm və bu, ümumilikdə 30 manata yaxın kontur xərcləməyimə səbəb olub. Bağlamanın dəyəri 50 manat idi və yalnız bu məsuliyyətsizlik səbəbindən dəyərinin yarısı qədər əlavə xərc çəkmişəm.
Zəng etdiyim ilk iki gündə mənə bildirildi ki, gün ərzində məlumat veriləcək və bağlama çatdırılacaq. Sonrakı zənglərdə isə "hal-hazırda araşdırılır, gün ərzində əlaqə saxlanılacaq" cavabını aldım. Nə məlumat verildi, nə də bağlama çatdırıldı.
23.05.2025 tarixində Limaka məxsus başqa bir nömrədən mənə zəng gəldi və bağlamamın onlar tərəfindən itirildiyi bildirildi. Temu qəbzini təqdim etməyimi istədilər. Göndərdim. Bildirdilər ki, ödəniş gün ərzində qaytarılacaq. O tarixdən bu günə qədər nə ödəniş edilib, nə də kimsə mənimlə əlaqə saxlayıb. Zənglərim və mesajlarım da cavabsız qalıb.
Bu gün yenidən etdiyim zənglərdən sonra bir əməkdaş mənə məsələni həll edə bilmədiyini və rəhbərliyin hazırda ofisdə olmadığını bildirdi. Yarım saat sonra rəhbərlikdən biri zəng edərək mənimlə təhqiramiz və alçaldıcı üslubda danışmağa başladı. İşlətdiyi ifadələr arasında “50 manat nə puldur ki, bu qədər ortalığı qarışdırmısız”, “sizin anlayış qabiliyyətiniz yoxdur”, “20 gün Kitayı gözləmisiz, bir həftə bizim pulu gözləmirsiz?”, “mən danışanda səsini kəs” kimi sözlər var idi. Cavabını verdim. Gün ərzində ödənişin geri qaytarılacağı bildirildi yenidən.
Mənə çox maraqlıdır: bu şirkətlər hansı haqqla bu qədər məsuliyyətsiz ola bilir? Müştərinin bağlamasını itirib, üzr istəmək əvəzinə ona qarşı alçaldıcı üslubda danışmaq hansı etikaya və peşəkarlığa sığır? 50 manat o rəhbər üçün əhəmiyyətsiz görünə bilər, amma kiminsə birgünlük maaşı, kiminsə son pulu ola bilər. O məbləğ kiçik olsa belə, həmin pul mənimdir. Onu itirib sonra da belə danışmaq səlahiyyəti heç kimə verilməyib.
Bu təkcə maddi zərər deyil. Saatlarla telefonda gözləməyin, dəfələrlə vəziyyəti izah etməyin, hər dəfə cavabsız qalmağın və sonda təhqir eşitməyin verdiyi psixoloji zərər var ortada. Və bütün bunlar sadəcə bir bağlama sifariş etdiyimə görə baş verib.
Limak Kargo-nun bu davranışı həm hüquqi, həm də etik baxımdan qəbuledilməzdir. Mən bu məsələni açıq şəkildə ictimailəşdirir və hər kəsi bu şirkətlə işləyərkən diqqətli olmağa çağırıram..."