İsmayıllı sakini Elçin Babayevin başına gələnlər, son illərdə Azərbaycanda sadə vətəndaşların adına qanunsuz şəkildə açılan şirkətlər və bu şirkətlərin arxasında gizlənən milyonlarla manatlıq vergi maxinasiyalarının yalnız bir nümunəsidir. "DİA-AZ" xəbər verir ki, 2021-ci ildə adına "Dərya MMC - ADOFROREL" adlı şirkətin yaradıldığını, özü isə bu barədə 2025-ci ildə, yəni 4 il sonra, 29 min 700 manatlıq vergi borcu barədə rəsmi bildiriş aldıqda öyrənib.
Fəhlə işləyən, gəliri minimum olan bir insanın adına, özü də xəbəri olmadan, külli miqdarda borc yaranması nə qədər real görünürsə, bu sistemin neçə illərdir cəzasız şəkildə davam etməsi bir o qədər ağlasığmazdır. Lakin reallıq budur - belə hallar illərdir davam edir və görünən odur ki, hələ də qarşısı alınmayıb.
Qurbanlar kimlərdir, şirkətləri kimlər açır?
Mətbuatda yayılan çoxsaylı araşdırmalara əsasən, belə şirkətlərin adətən aşağıdakı qrupların adına açıldığı bildirilir:
Kənd yerlərində yaşayan savadsız vətəndaşların
Maddi sıxıntılar içində olan işsizlərin
Onkoloji və ağır xəstəliklərdən əziyyət çəkənlərin
Hətta narkotik maddə istifadəçilərinin...
Bu insanların adları sistemdə hüquqi şəxs olaraq qeydiyyatdan keçirilir, şirkət yaradılır və tez bir zamanda malların idxalı, fakturaların hazırlanması, ödənişlərdən yayınma və digər maxinasiyalar həyata keçirilir. Bir neçə əməliyyatdan sonra isə şirkət "fəaliyyətsiz" elan edilir və ortalıqdan yox olur. Geridə isə yalnız adı hallanan sadə vətəndaş və yüz minlərlə manat vergi borcu qalır.
Qanunsuz şirkətlərin arxasında kimlər dayanır? İctimaiyyətin ən çox cavabını gözlədiyi sual da budur: bu qanunsuz şirkətləri kimlər yaradır, kimlər idarə edir və bu sistem necə işləyir?
Gələn məlumatlar və əvvəlki araşdırmalara görə, bu tip şirkətlərin əksəriyyəti idxal-ixrac əməliyyatlarında iştirak edir. Gömrükdə mallar qeydiyyata alınır, amma anbar, rüsum, sosial ödənişlər, vergi sənədləri ya təqdim edilmir, ya da saxtalaşdırılır.
Qeyd edək ki, belə şirkətlərin sayının bir müddət azaldığı deyilsə də, lakin son aylarda yenidən bu cür maxinasiyaların artması göstərir ki, azalma yoxdur, əksinə artma var. Bu isə onu göstərir ki, sistem dəyişməyib, sadəcə adaptasiya olunub və fərqli yollarla fəaliyyətinə davam edir.
Rəsmi qurumları niyə susur?
İddialara görə, bu şəbəkələrin arxasında bəzi məmurların dəstəyi və müdafiəsi dayanır. İllərdir bu mövzu mətbuatda işıqlandırılır, onlarla insanın adına şirkətlər açıldığı, milyonlarla borc yazıldığı bilinir. Amma, heç bir şəxs məsuliyyətə cəlb olunmur, heç bir məmurun adı açıqlanmır, bu qanunsuz şirkətlərin hüquqi qurucuları və real sahibləri ifşa edilmir. Ən acınacaqlısı isə budur ki, bu halların çoxunda sadə vətəndaşlar məhkəmə çəkişmələrinə cəlb olunur, bəzən isə psixoloji təzyiqlər və borc yükü nəticəsində intihar halları belə baş verir. Son zamanlar bir neçə belə fakt mətbuatda yer alıb.
Suallar uzun illərdir açıq qalır...
Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti bu məsələləri niyə araşdırmır? Vətəndaşlara vergi borcu bildirişi niyə 3-4 il gecikmə ilə göndərilir? Malların gömrük qeydiyyatında şirkətin fəaliyyəti və fiziki vəziyyəti niyə yoxlanılmır? Adı bəlli olan, vergi ödəməyən şirkətlər niyə hələ də qeydiyyatda qalır, fəaliyyətini davam etdirir? Ən nəhayətində, bu sistemin real idarəçiləri və onlardan faydalanan məmurlar niyə cəzalandırılmır?
Beləliklə, adına 29 min 700 manatlıq vergi borcu gələn Elçin Babayevin timsalında görünən bu faciə, əslində bir vətəndaşın deyil, bütün cəmiyyətin probleminə çevrilib. Çünki bu maxinasiyalar nəticəsində dövlət vergi və sosial fondlardan milyonlarla manat zərər görür, qanuni fəaliyyət göstərən şirkətlərin rəqabət imkanları zəifləyir, ölkədə qanunsuz monopoliyalar güclənir və vətəndaş hüquqları kobudcasına pozulur.
Hələ ki, bu məsələlərə cavabdeh olan qurumlar səssizliyini qoruyur, ictimaiyyət isə bu proseslərin necə və niyə davam etdiyini bilmədən, yeni qurbanların xəbərlərini oxumaqda davam edir.
Əgər bu sistem dəyişməzsə, əgər vətəndaşların hüquqları bu qədər asan tapdanarsa, əgər məmurlar tərəfindən idarə olunan bu qanunsuz sistem cəzalandırılmazsa - yaxın illərdə Elçin Babayevlərin sayı yüzlərlə, bəlkə də minlərlə olacaq.