Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ Prezidenti Donald Trampla Ukraynaya qoşun yerləşdirilməsinə dair razılıq əldə olunduğunu açıqlayıb.
Lyayenin sözlərinə görə, Ukraynanın dövlət kimi mövcudluğuna xələl gələrsə, ordu Rusiyanın içərilərinə doğru hərəkət edə bilər.
Kreml Avropa ordusunun Rusiyaya daxil olmasına necə reaksiya verəcək?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Avropa ölkələri hazırda Ukraynanı ciddi şəkildə müdafiə edir və onun təhlükəsizliyinin təmin olunmasına çalışırlar:
“Çünki Ukraynanın təhlükəsizliyinin təminatı, əslində, Avropanın təhlükəsizliyinə verilən bir zəmanət deməkdir. Hazırda Avropa ölkələri ABŞ-a bir sıra məsələlərdə güzəştə getməklə, həm Ukraynanın, həm də ümumilikdə Avropanın təhlükəsizlik məsələlərini həll etməyə cəhd göstərirlər. Bu istiqamətdə müəyyən razılaşmalar artıq əldə olunub. Sentyabrın 4-də ABŞ Prezidenti Donald Tramp, Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Parisdə keçiriləcək görüşdə Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsinin əsas müzakirə mövzularından biri olacağı ehtimal edilir. Eyni zamanda, Kiyevə gələcəkdə göndərilməsi nəzərdə tutulan çoxmillətli sülhməramlı hərbi kontingentin də bu çərçivəyə daxil ediləcəyi gözlənilir. Avropa İttifaqı bu addımı son mərhələdə gündəmə gətirib. İlkin məqsəd Rusiya ilə birbaşa toqquşmaya getmədən Ukraynaya hərtərəfli yardım göstərməkdir ki, Kiyev öz hərbi potensialı ilə Moskvanı dayandırmağı bacarsın”.
Politoloqun sözlərinə görə, gələcəkdə Ukraynaya Rusiya ərazisində əməliyyatlar aparması üçün imkan yaradıla bilər:
“Bu, müəyyən mənada Rusiyanın aqressiyasını azaltmağa kömək edəcək. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin son açıqlamaları isə vəziyyətin ciddiliyini göstərir. Onun dediyi fikirlər, əslində, böyük risklərə işarə edir və potensial toqquşmanın miqyasını genişləndirə, hətta Üçüncü Dünya müharibəsi ehtimalını da gücləndirə bilər”.