Mənzil bazarı ilə bağlı proqnoz vermək həmişə çətin olub. Düzdür, Azərbaycanda qiymətlər yalnız artım trayektoriyası ilə hərəkət edir. Amma bahalaşma sürətini müəyyənləşdirmək, gələcək haqda qəti fikir bildirmək çətindir. Nəzərə almaq lazımdır ki, bazarda durğunluq dövrü də az olmayıb. Hərçənd, son illər bu barədə danışmaq olmur.
Bizimyol.info xəbər verir ki, mənzil bazarında növbəti bahalaşma dalğası müşahidə edilir. Bunu ev elanları saytlarına nəzər yetirəndə aydın görmək olur. Məsələn, yayın əvvəllərində paytaxtın “Beşmərtəbə” ərazisində 200 min manata təklif olunan ikiotaqlı mənzil indi 230 min manata satılır. Dövlət Statistika Komitəsinin yaxınlığında bir neçə ay əvvəl müşahidə etdiyimiz mənzillərin qiymətində də 10-15 faiz artım diqqət çəkir. Ümumiyyətlə, şəhərin mərkəz rayonlarında bənzər tendensiya nəzərə çarpır.
Rəsmi rəqəmlər də bahalaşmadan danışır. “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” Bakının bütün rayonlarında bahalaşma qeydə alındığını bildirir. Keçən ilin avqustu ilə müayisə aparılıb. İctimai birliyin sədri Vüqar Oruc mənzillərlə yanaşı, fərdi yaşayış evlərinin, torpaq sahələrinin, eyni zamanda, qeyri-yaşayış obyektlərinin bahalaşdığını deyir.
Köhnə tikililərdəki mənzillərdə ən çox bahalaşma Səbail rayonunda qeydə alınıb. Bir il ərzində 25,2 faiz artımdan söhbət gedir. Çox yüksək göstəricidir. Təsəvvür edin, Yasamal rayonunda da az qala bu qədər bahalaşma olub (24,5 faiz). Nərimanov, Xətai, Sabunçu rayonlarında rəqəmlər az artmayıb. Hətta bu rayonlardan geri qalan Nizamidə 10 faiz bahalaşma gözə dəyir.
Yeni binalardakı mənzillərdə də oxşar rəqəmlər görə bilərik. Bu istiqamətdə Xətai rayonu liderdir. Burada 24 faiz bahalaşma olub. Fərdi yaşayış evləri Səbaildə daha çox qiymətə minib. Elə torpaq sahələrinin də bu rayonda 28 faizə qədər bahalaşdığı görünür.
Mənzil bazarında təklif çox azalıb. Əvəzində tələb dayanmadan artır. Paytaxta axının azalmaması özünü göstərir. Belə görünür ki, bahalaşma tendensiyası davam edəcək. Nəzərə alaq ki, irəlidə bizi ipoteka kreditlərinin növbəti mərhələsi gözləyir. Deməli, mənzil bazarındakı mənzərə yaxın gələcəkdə dəyişməyəcək.