Azərbaycanda son 2 ayda heyvanlar arasında dabaq xəstəliyinin yayılmasının çox ciddi iqtisadi zərərələri gözardı edilir.
Təəssüf ki, nə bu zərəri hesablayan var, nə işlək sığorta-kompensasiya mexanizmi var, nə də az qala heyvandarlıqda epidemiya sayılacaq bir miqyasa çatmasına görə məsuliyyət daşıyan var.
Tribuna-nın xəbərinə görə, bu barədə ətraflı danışan iqtisadçı Rövşən Ağayev bildirib ki, nə qədər heyvanın tələf olduğu, yaxud xəstəlik qorxusundan dəyər-dəyməzə satıldığı barədə hər hansı statistika əldə etmək şansımız yoxdur:
“Güman ki, statistikanı manipulyasiya və təhrif alətlərinə çevirənlər üçün heç belə statistikanı toplayıb ictimailəşdirmək də sərfəli deyil. Gerçək statistika həm də məsuluyyət deməkdir: real faktları toplayıb cəmiyyətə açıqlayırsansa, üzərinə düşən vəzifələri də etməlisən, hətta lazımdırsa, cəza da almalısan.
Zərər bununla da bitmir. Xəstəliyə tutulan südlük heyvanlardan günlərlə süd sağılmır və fermerlər bundan nə qədər itirir.
Ət qıtlaşdığı üçün bahalanma istehlakçıların cibindən artıq pul çıxarır.
Heyvanların tələf olması heyvandarlığın istehsal potensialını zəiflədir və ortamüddətli dövrdə onsuz da azalmaqda olan istehsalı daha azaldır.
Zərəri qarşılamaq üçün sığorta mexanizminin olduğunu deyənlər tapılacaq yəqin.
Bizdə aqrar sığortanın nə dərəcədə çevik, şəffaf və bürokratiyadan uzaq olduğuna dair nəsə demək istəmirəm. Ən azı ona görə ki, bu tamamən ayrı mövzudur, çalışaram sonra onu ayrı yazım. Digər tərəfdən, bəziləri əsas mövzunu qoyub məsələni başqa tərəfə dartmağa çalışacaq.
Amma bu gün dünyada məhz çevik və bürokratiyadan uzaq aqrar sığorta mexanizmi çalışır ki, dəqiq o bizdə yoxdur.
Halbuki heyvandarlıqdakı genişmiqyaslı dabaq xəstəliyi şəraitində dəyən zərəri ödəyə bilərdi. Söhbət “indeks əsaslı sığorta” mexanizmindən gedir”.
İqfisadçı bildirib ki, baş verənlərə görə baytarlıq sahəsində dövlət siyasətini hazırlayan, həyata keçirən qurumlar məsuliyyət daşıyır:
“Dabaq xəstəliyinin bu qədər sürətlə və geniş yayılmasının potensial olaraq çoxlu səbəbləri var. Məsələn, peyvənlənmənin əhatə dairəsinin aşağı olması. Normalda bütün heyvan bazasının 90-95%-ni əhatə etməlidir, amma əgər reallıqda 40-50%-i əhatə edirsə, epidemiyaya çevrilmək riski artır.
Yaxud, peyvəndlənmə 6 ay iintervalla aparılmalı olduğu halda, buna nə dərəcədə əməl edilir.
Dərmanların keyfiyyətli olduğuna, istifadə müddətinin bitmədiyinə effektiv və etibarlı nəzarət sistemi varmı?
İdxal olunan diri heyvanların tələb olunan müddətdə karantində qalması təmin edilirmi və s.
Bu sulların cavabı məsuliyyəti müəyyən etməyə imkan verə bilər”.









