Tramp-Putin razılaşması və Ukraynada mümkün atəşkəs gözləntiləri fonunda Cənubi Qafqazda bir məsələ aktuallaşır: Rusiya regiona necə qayıdacaq, qayıtmaq üçün hansı rıçaqlarını işə salacaq, ümumiyyətlə, qayıda biləcəkmi?
Ekspertlər bildirir ki, Ukraynada atəşkəsə nail olunarsa, Rusiya öz resurslarını Cənubi Qafqaza yönəldə və regionda mövqelərini möhkəmləndirmək üçün bir sıra hərbi-siyasi addımlar ata bilər. Lakin bunun necə və hansı vasitələrlə həyata keçiriləcəyini söyləmək çətindir. Bildirilir ki, Azərbaycan Rusiya sülhməramlılarını Qarabağdan çıxararaq ərazidə tam nəzarəti bərpa etdi. Ermənistan isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurdu, İran və Azərbaycanla sərhəddən Rusiya qoşunlarının çıxarılmasına nail oldu. Ermənistanın Tətbiqi Siyasi Araşdırmalar İnstitutunun eksperti Benjamin Poqosyan ABŞ-dakı erməni diaspor nəşri olan “The Armenian Mirror Spectator”da dərc olunan məqaləsində yazıb ki, böyük ehtimalla yaxın gələcəkdə Rusiya yenə də Cənubi Qafqazda geosiyasi dinamikanın hərəkətverici qüvvəsi olaraq qalacaq: “Ukraynada potensial atəşkəs Moskvaya resursları Cənubi Qafqaza qaytarmağa və bununla da öz mövqeyini gücləndirməyə imkan verə bilər”, - erməni analitik qeyd edir.
Poqosyanın fikrincə, Rusiya Ermənistanla Azərbaycan arasında danışıqlarda əsas vasitəçi rolunu daha fəal davam etdirə bilər. Təhlilçi hesab edir ki, Trampın yeni administrasiyası dövründə Rusiya ilə ABŞ arasında hansısa “Ukrayna üzrə qarşılıqlı anlaşma” əldə olunarsa, Moskvanın regional geosiyasətə təsir imkanları daha çox olacaq, eyni zamanda ABŞ Cənubi Qafqaza Rusiya ilə başqa qarşıdurma meydanı kimi baxmaqdan əl çəkə və onun iştirakını azalda bilər.
Deputat Sahib Alıyev “Yeni Müsavat”a bu barədə danışarkən Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin bu yaxınlarda bir açıqlamasını yada saldı: “Səfir orada ölkəsinin Güney Qafqazın "ayrılmaz bir hissəsi" olduğunu bildirirdi. 2023-cü ildə isə bildirirdi ki, “Rusiya üçün Güney Qafqaz böyük evin bir parçasıdır”. Nə onda, nə indi haylardan biri qalxıb soruşmadı ki, Rusiya səfiri bu sözlərlə nəyə eyham vurur? Yəni deməyim odur ki, Ermənistanda Rusiyanın bir parçası olmağa həmişə hazırdırlar və bunu Gümrünün təzə merinin açıqlaması da təsdiqləyir. Yeri gəlmişkən, Rusiyanın hərbi bazasının yerləşdiyi həmin Gümrü elə əslində İrəvandan çox Moskvanın “kontrol”u altındadır və görünür, Kopırkin ölkəsinin Güney Qafqazın ayrılmaz bir hissəsi olduğunu bildirəndə bunu nəzərdə tutur".
S.Alıyev əlavə edib ki, hayların rusiyalı səfirin dediklərinə reaksiyasız qalmaları təbiidir: “Çünki birincisi, dövlətçilik ənənələri yoxdur, ikincisi də sözdə nə demələrindən asılı olmayaraq, o torpaqlara necə gətirildiklərini bilirlər. Paşinyan elə-belə dad döymür ki, gəlin "Real Ermənistan"ı sevək, o haqda düşünək. Halbuki “Real Ermənistan” adlandırdığının əslində Qərbi Azərbaycan olduğunun o da yaxşı fərqindədir". Azərbaycana gəldikdə, deputat bunları söyləyib: “Əgər siz Türkiyənin müdafiə naziri ilə Təhlükəsizlik Şurasının baş katibinin mayın 13-də Bakıya səfərləri zamanı hər iki qardaş ölkə arasında müttəfiqliyin daha da dərinləşdiriləcəyi haqda deyilənlərə diqqət yetirsəniz, görəcəksiniz ki, ABŞ-la Rusiya arasında hansı sövdələşmə olursa-olsun, Azərbaycan müstəqillik və suverenlik məsələsində kimsəyə güzəştə getməyəcək. Cənab Prezidentin mayın 9-da Moskvaya parada getməməsinin, fikrimcə, ən böyük səbəbi də elə bu idi. Və qardaş Türkiyənin adları çəkilən təmsilçilərinin də məhz bundan bir neçə gün keçməmiş Bakıya gəlmələri və cənab Prezidentin qəbulunda olarkən haqqında danışdığım müttəfiqliyin dərinləşdirilməsi açıqlaması da bir növ bizim bütün ssenarilərə hazır olduğumuzun sərgilənməsi idi”. Deputat əlavə etdi ki, eyni zamanda burada Çin kimi nəhənglə hərtərəfli strateji tərəfdaşlıq haqqında anlaşmanı da unutmamalıyıq: “Bir sözlə, Ermənistan Qərbi Azərbaycan olsa da, Azərbaycan sözün heç bir anlamında Ermənistan deyil və olmayacaq. Biz Rusiyaya böyük bir qonşumuz olaraq hörmətlə yanaşırıq, onunla qarşılıqlı faydaya dayanan əməkdaşlığa həmişə hazır olmuşuq, bir sözlə, Ukrayna ilə savaşı öncəsi, savaşın gedişi zamanı bu ölkəyə yanaşmamız necə idisə, savaş sonrası da o cür qalasıdır. Əgər belə bir siyasət orada kimlərisə qane etməyəcəksə, bu, artıq onların problemidir. Bunun bizim üçün də problemə çevrilməməsi üçünsə gərəkən nə lazımdırsa, edilib və ediləcək”.
Yazı çapa hazırlanarkən maraqlı xəbər yayıldı. Musavat.com-un erməni mediasına istinadən yaydığı məlumata görə, “Rostec” Dövlət Korporasiyasının “Azimut” istehsal şirkəti Ermənistanı VOR/DME 2700 radiomayakla təchiz edib. Avadanlıq Qarakilsə (Sisian-M.) şəhəri yaxınlığında quraşdırılıb. Cihaz təyyarələrə dağlıq ərazidə və çətin hava şəraitində naviqasiya etməyə kömək edəcək.
Bildirilir ki, VOR/DME 2700 yerüstü çox istiqamətli azimut diapazonunu tapan radio mayak quraşdırma nöqtəsinə nisbətən təyyarənin yerini müəyyən etmək üçün nəzərdə tutulub. O, VHF diapazonunda işləyir və eyni vaxtda 200-ə qədər təyyarəni idarə edə bilir. Avadanlıq ICAO tərəfindən hava marşrutlarında əsas naviqasiya vasitəsi, habelə təyyarə eniş üçün yaxınlaşdıqda əlavə vasitə kimi tövsiyə olunur.
""Azimut" radio mayak etibarlı və davamlı avadanlıq olduğunu sübut etdi. Hazırda o, Rusiyanın Stavropol, Çelyabinsk, Kalininqrad, Xabarovsk, Novosibirsk və digər şəhərlərində, eləcə də xarici hava limanlarında uğurla istismar olunur. İndi biz Ermənistanda VOR/DME 2700 sınaqlarını başa çatdırmışıq.
Bu, onların dağlıq ərazilərdə və pis hava vasitələrinin hava yollarında hərəkət etməsinə imkan verə bilər", - “Azimut”un baş direktorunun köməkçisi Aleksey Qalçenkov bildirib.
"Azimut" Rusiyanın aparıcı inkişaf etdiricisi və aerodromları və hava marşrutlarını təchiz etmək üçün aeronaviqasiya sistemləri və komplekslərinin istehsalçısıdır. Şirkət mülki aviasiya müəssisələri üçün rabitə, naviqasiya, eniş, müşahidə və hava hərəkətinin idarə edilməsinin avtomatlaşdırılması üçün açar təslim həllər hazırlayır, kütləvi istehsal edir və tədarük edir.
O, həmçinin aerodromların və hava hərəkətini idarəetmə mərkəzlərinin təchiz edilməsi və yenidən təchiz edilməsi üçün kompleks layihələr hazırlayır və həyata keçirir.
Maraqlıdır ki, bu işlər Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılacağı ilə bağlı xəbərlərin tirajlanması fonunda reallaşdırılıb. Bu faktın özü ondan xəbər verir ki, Rusiya nəinki Ermənistandan getməyə hazırlaşmır, əksinə, Cənubi Qafqazdakı “qala”sında daha çox möhkəmlənməyi hədəfləyib. Görünən budur ki, Kreml tanklarla yürüş öncəsi onsuz da nəzarətində olduğu Ermənistanın hava məkanında da “vint”ləri möhkəmləndirir...