Son dövrlər Rusiya hakimiyyətində təmsil olunan yüksək vəzifəli şəxslərin verdiyi bəzi açıqlamalar beynəlxalq ictimaiyyətin diqqətini çəkir. Xüsusilə Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkonun yaxın günlərdə səsləndirdiyi fikirlər cəmiyyətin, həmçinin analitik çevrələrin marağına səbəb olub. Matvienko bildirib ki, Rusiyanın əsas “strateji hədəfi” məşhur “Labubu” oyuncağının yerli – rus analoqunun yaradılması olmalıdır.
Bu cür bəyanatın ölkənin Ukraynaya qarşı apardığı müharibə fonunda – on minlərlə insanın həlak olduğu, şəhər və kəndlərin dağıdıldığı, ciddi sosial və iqtisadi problemlərin yaşandığı bir şəraitdə verilməsi, ziddiyyətli qəbul edilir. Nəzərə almaq lazımdır ki, Matvienko Rusiya Prezidenti Vladimir Putinə ən yaxın siyasi fiqurlardan biri, hətta “sağ əli” hesab olunur.
Bəs bu çıxışın və ümumilikdə son zamanlar Kremldə müşahidə olunan ritorikanın arxasında hansı məntiq və strategiya dayanır? Müharibə ilə dərinləşən böhran şəraitində Moskva hansı taktikanı seçib? Matvienkonun “Labubu” açıqlaması nəyə hesablanıb?
Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Rusiya-Ukrayna qarşıdurması həm yeni dünya müharibəsini, həm də “soyuq savaş” elementlərini özündə ehtiva edir:
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən günlərdə deyirdi ki, Moskva tarixdə ilk dəfədir bütün Qərbə qarşı təkbaşına mübarizə aparır. Bu, sadəcə hərbi deyil, həm də mədəni qarşıdurmadır. Necə ki, “soyuq savaş” həm də mədəniyyətlərin toqquşması, mədəni-ideoloji konteksdə iki qütbün bir-biri ilə qarşıdurması idi, biz hazırda Qərb və Rusiya arasında müəyyən dərəcədə bənzər məqamları müşahidə edirik.
Məsələn, Avropa İttifaqının (Aİ) Ukrayna müharibəsi ilə əlaqədar Rusiyaya qarşı qəbul etdiyi 18 sanksiya paketi mədəni sahələri də əhatə edir. Bu sanksiyalar çərçivəsində Qərbdə Rusiya dövlət mediası və xəbər platformaları, həmçinin mədəni tədbirlər qadağan olunub, bir sıra mədəni qurumlara və şəxslərə məhdudiyyətlər tətbiq olunub. Avropa orkestrlərinin mədəni tədbirlərindən Çaykovskinin əsərləri çıxarılıb, Tolstoy və Dostoyevskinin əsərləri belə bu qadağalardan yan keçə bilməyib (onların adı sanksiyalardakı qadağan olunmuşlar siyahısında olmasa da).
Bununla yanaşı, 1950–90-cı illərdə Sovet multiplikasiyasında yer alan personajlar və əhvalatların Qərb kinematoqrafiyasında təkrar və yeni formatda əks olunması qeyd edilə bilər. Məsələn, “Qar kraliçası” multfilmi 1957-ci ildə ilk dəfə SSRİ-də çəkilsə də, 1995-ci ildə Andersenin nağılı əsasında, tamamilə eyni süjet xətti ilə, lakin yenidən çəkilib və Qərb cizgi filmi kimi təqdim olunub. Bənzər şəkildə “Bremen musiqçiləri”, “Uşaq və Karlson” və s. sovet cizgi filmlərini qeyd etmək olar”.
Siyasi şərhçinin sözlərinə görə, hazırda uşaqlıq dövrü yaddaşlarımıza həkk olunan cizgi film personajı “Çeburaşka” Qərbdə “Labubu” formatında dəyişdirilərək yenidən qlobal marketinqlə “mədəni” istehlakçılara təqdim olunur və bu, Rusiyada ciddi müzakirə mövzusuna çevrilib:
“Sosial şəbəkələrdə məsələyə dair çoxsaylı paylaşımlar edilir. Matvienkonun Labubu personajı ilə bağlı açıqlaması da məhz bu konteksdə dəyərləndirilə bilər.
Sadəcə soyuq müharibə ilə müqayisədə hazırkı mədəni qarşıdurmanın bir amili çatışmır – ideologiya yoxluğu. Soyuq müharibə dövrü kommunist ideologiyası ilə kapitalist dünyası, “dostluq-qardaşlıq cəmiyyəti”, “sosializm realizmi” ilə “azad cəmiyyət”, “demokratiya” ideyaları bir-birinə qarşı qoyulurdu. Hazırkı savaşlar isə sadəcə olaraq dağıdıcıdır. Bu savaşlarda qurucu amil – ideoloji yaradıcılıq – demək olar ki, yoxdur”.
Qeyd edək ki, “Çeburaşka” digər SSRİ ölkələri ilə yanaşı Azəbaycanda da kifayət qədər tanınan cizgi filmdir.