Azərbaycan İqtisadiyyat Nazirliyinin rəsmi veb saytının – “www.economy.gov.az”ın əsas səhifəsində yerləşdirilən interaktiv məlumatlar hissəsində səhvə yol verilib.
Yeniavaz.com xəbər verir ki, interaktiv məlumatlar hissəsində xəritə üzərində mövcud iqtisadi və inzibati rayonlar qeyd olunub.
Qeyd edək ki, bu hissədə hər bir şəhər və rayon üzrə ən vacib sosial-iqtisadi göstəricilər – ərazi, əhali sayı, sənaye, kənd təsərrüfatı istehsalı və bu cür məlumatlar yer alıb.
Lakin, İqtisadiyyat Nazirliyinin təqdim etdiyi interaktiv məlumatlar hissəsində Azərbaycan rayonlarından biri – Ağdərə yer almayıb.
Xatırladaq ki, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək, mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradılıb. Bu barədə “Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və Prezident İlham Əliyev tərəfindən 5 dekabr 2023-cü il tarixində təsdiqlənib.
Bundan sonra – 27 dekabr 2023-cü ildə Azərbaycan Prezidenti bu Qanunun tətbiqi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə Fərmanı imzalayıb.
Onu da qeyd edək ki, artıq rəsmi statistik göstəricilər arasında Ağdərə rayonu ilə bağlı məlumatlar da yer alır.