Pandemiya dövrü başa çatmasına baxmayaraq, hələ də ölkədə koronavirusa yoluxma hallarına rast gəlinir.
Belə ki, bu günlərdə kənd təsərrüfatı naziri Məcnun Mənmmədovun da COVID-19 testinin nəticəsi müsbət çıxmışdı. Sosial şəbəkələrdə də koronavirusa yoluxanların olduğu barədə məlumatlar öz əksini tapır.
Azərbaycanda son zamanlar koronavirusa yoluxma halları artıbmı və ölkədə kifayət qədər peyvənd varmı, hansı peyvəndlərdir?
Bununla bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, koronavirusa yoluxma hallarında artım müşahidə olunmur:
“Belə ki, kəskin respirator xəstəliyə şübhəli olan insanlardan götürülən yaxma nümunələrində əsasən mövsümi qrip virusları aşkarlanır. Aralarında tək-tək hallarda koronavirusa yoluxma halları qeyd edilsə də, epidemioloji gərginlik müşahidə olunmur.
2021-ci ilin yanvar ayından etibarən ölkəmizdə COVID-19 əleyhinə vaksinasiya tədbirləri həyata keçirilib. Epidemioloji gərginlik müşahidə olunmadığına görə, hazırda peyvəndlənmə işləri aparılmır”.