Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 269 təhsil müəssisəsi Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində müstəqillik illərində yenidən tikilib və ya əsaslı təmir olunub.
Bu sözləri Trend-ə özəl müsahibəsində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.
O bildirib ki, bu gün Naxçıvanda əsaslı təmirə ehtiyacı olan məktəb binası yoxdur.
“Demək olar ki, bu gün ciddi əsaslı təmirə ehtiyacı olan məktəbimiz yoxdur. Hər hansı cari təmirə ehtiyacı olan məktəblərimiz diqqətdə saxlanılır və təmir ehtiyaclarına görə işlər aparılır.Bundan əlavə 2023-2024-cü illərdə Ordubad rayonunun Azadkənd, Xanağa, Pəzməri, Şərur rayonunun Həmzəli, Alışar, Vərməziyar, 2024-2025-ci tədris ilində isə Şərur rayonunun Təzəkənd tam orta məktəbləri əsaslı təmirdən sonra kollektivin istifadəsinə verilib. 2024-cü ildə Şahbuz və Babək rayonlarında məktəbdənkənar təhsil müəssisələri üçün yeni binalar inşa olunub”.
Nazirin sözlərinə görə, hazırda Babək rayonunun Hacıvar kəndində 456 yerlik yeni məktəb binasında inşaat işləri davam etdirilir və yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur.
“Həmçinin Babək rayonunun Nehrəm Qəsəbə 3 nömrəli tam orta məktəb binasında da yaxın günlərdə tikinti işlərinin davam etdirilməsi nəzərdə tutulur. Kəngərli rayonunun Qıvraq Qəsəbəsində 500 yerlik yeni məktəb binasının və Babək rayonunun Nehrəm Qəsəbəsində 100 yerlik uşaq bağçasının tikintisinin layihələndirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən satınalma müsabiqəsi keçirilib. Cari il ərzində hər iki binanın layihələndirmə işlərinin tamamlanması nəzərdə tutulur”,- deyə nazir vurğulayıb.