Xalq artisti Əli Nur Əməkdar artist Füzuli Hüseynovu polisə verib.
Aktyor bu barədə sosial media hesabında məlumat yayıb.
Şikayətə teatrda baş verən mübahisə səbəb olub:
"Füzuli Hüseynov mənə qarşı aqressiv davranış sərgilədi və xoşagəlməz insidentin baş verməsinə səbəb oldu. Hadisə baş verən andan dərhal sonra məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, prokurorluğa rəsmi şəkildə müraciət etdim. Hazırda Fizuli Hüseynovun törətdiyi cinayət işi ilə bağlı prokurorluqda istintaq gedir.
Teatrımızın nüfuzuna xələl gəlməməsi üçün hadisəni ictimaiyyətə açıqlamadım və mətbuatda inkar etməyə üstünlük verdim. Düşünürdüm ki, teatr rəhbərliyi məsələni obyektiv qiymətləndirəcək və müvafiq intizam tədbirləri görüləcək. Təəssüf ki, gözləntilərim doğrulmadı. Hadisə nəinki araşdırılmadı, əksinə, üstü ört-basdır edildi. Füzuli Hüseynova nə şiddətli töhmət verildi, nə işdən azad olundu, nə də Bədii Şuranın üzvlüyündən uzaqlaşdırıldı. O, sanki heç nə olmamış kimi fəaliyyətini davam etdirir.
Ailə üzvlərim bu məsələdə haqlı olaraq narahatdırlar. Onlar teatr rəhbərliyindən Füzuli Hüseynovun cəzalandırılmasını və ədalətin bərpa olunmasını gözləyirlər. Əminəm ki, Füzuli Hüseynov törətdiyi əmələ görə qanun qarşısında layiqli cəzasını alacaq"./Milli.Az