Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nur qalmaqallı açıqlama yayıb.
Musavat.com bildirir ki, Xalq artisti bir müddət əvvəl yayılan teatrda baş verən insidentlə bağlı xəbərin doğru olduğunu, həmkarı Füzuli Hüseynovun ona qarşı aqressiv davrandığını bildirib. Xalq artisti açıqlamasında hadisəni hansı səbəbdən inkar etməsinə də aydınlıq gətirib:
"Bildirmək istəyirəm ki, aprel ayında Akademik Milli Dram Teatrında keçirilən Bədii Şuranın iclası zamanı yaranmış fikir ayrılıqları ciddi mübahisəyə çevrildi. Bu mübahisələr zamanı Mehriban Ələkbərzadənin təkidi ilə Fizuli Hüseynov mənə qarşı aqressiv davranış sərgilədi və xoşagəlməz insidentin baş verməsinə səbəb oldu.
Hadisə baş verən andan dərhal sonra məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, prokurorluğa rəsmi şəkildə müraciət etdim. Hazırda Fizuli Hüseynovun törətdiyi cinayət işi ilə bağlı prokurorluqda istintaq gedir. Teatrımızın nüfuzuna xələl gəlməməsi üçün hadisəni ictimaiyyətə açıqlamadım və mətbuatda inkar etməyə üstünlük verdim. Düşünürdüm ki, teatr rəhbərliyi məsələni obyektiv qiymətləndirəcək və müvafiq intizam tədbirləri görüləcək.
Təəssüf ki, gözləntilərim doğrulmadı. Hadisə nəinki araşdırılmadı, əksinə, üstü ört-basdır edildi. Fizuli Hüseynova nə şiddətli töhmət verildi, nə işdən azad olundu, nə də Bədii Şuranın üzvlüyündən uzaqlaşdırıldı. O, sanki heç nə olmamış kimi fəaliyyətini davam etdirir.
Teatr rəhbərliyi bu məsuliyyətsizliyə niyə göz yumur? Kimdən çəkinir? Daha hansı xoşagəlməz və ya cinayət xarakterli hadisənin baş verməsini gözləyir?"
Əli Nur ailəsinin də bu məsələdə haqlı narahat olduğunu bildirib. Onun sözlərinə görə, ailə üzvləri artıq məsələyə özləri müdaxilə etməyi və Füzuli Hüseynova “onun anlayacağı dildə cavab verməyi” düşünürlər. “Amma mən bunun baş verməsini qətiyyən istəmirəm!” – deyən aktyor, hüquqi yollarla ədalətin bərpa olunacağına ümid edir:
"Ailə üzvlərim bu məsələdə haqlı olaraq narahatdırlar. Onlar teatr rəhbərliyindən Fizuli Hüseynovun cəzalandırılmasını və ədalətin bərpa olunmasını gözləyirlər. Heç bir tədbir görülmədiyi halda, hadisəyə özləri müdaxilə etmək və Fizuli Hüseynova onun anlayacağı dildə cavab vermək niyyətindədirlər. Mən isə bunun baş verməsini qətiyyən istəmirəm! Əminəm ki, Fizuli Hüseynov törətdiyi əmələ görə qanun qarşısında layiqli cəzasını alacaq.
Lakin teatr rəhbərliyinin onu cəzasız buraxması və heç bir intizam tədbiri görməməsi, öz vəzifə borclarına və daşıdıqları məsuliyyətə tamamilə ziddir! Baş vermiş hadisə ilə bağlı yuxarı istansiyalara rəsmi şəkildə müraciət etmişəm".
Əli Nur sonda xəbərdarlıq edib:
"İnanıram ki, gec-tez haqq və ədalət öz yerini tapacaq. Əks təqdirdə, baş verəcək hadisələrə görə teatr rəhbərliyi birbaşa məsuliyyət daşıyır!"