Xəbər verdiyimiz kimi, Rusiya mətbuatının məlumatına görə, 2025-ci ilin yaz mövsümündə rusların ən çox üz tutduğu xarici şəhərlər arasında İstanbul, Dubay, Minsk, Tbilisi, Daşkənd və İrəvan ön sıralarda qərarlaşıb. Lakin bu siyahıda Müstəqil Dövlətlər Birliyi (MDB) ölkərinin paytaxtları çoxluq təşkil etsə də, əvvəllər rus turistlərin əsas seçimlərindən biri olan Bakı siyahıda yer almır. Bu vəziyyət bir sıra suallar doğurur:
Niyə Bakı artıq rus turistlər üçün cəlbedici deyil?
“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, eyni zamanda “Azərbaycan Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi məsələnin səbəblərinə dair fikirlərini Publika.az-la bölüşdü.
Onun sözlərinə görə, rus turistlər arasında Bakının əvvəlki illərlə müqayisədə daha az populyar olmasının bir neçə əsas səbəbi var:
“Bu səbəblərdən ilk olaraq nəqliyyat məhdudiyyətləri və aviareyslərin azalmasını qeyd edə bilərik. AZAL və digər aviaşirkətlər 2024-cü ilin sonlarında Rusiyanın bir neçə şəhərinə uçuşları dayandırıb. Bu qərar AZAL-ın Qroznıya gedən təyyarəsinin qəzasından sonra qəbul edilib və nəticədə rus turistlərin Bakıya birbaşa səyahət imkanları azalıb. Quru sərhədlərin qapalı qalması isə avtoturistlərin, ekonom turizmin qarşısını alır.
Bəzi rus turistlər Azərbaycanı "müsəlman ölkəsi" kimi qəbul edir. Bu isə onların təhlükəsizlik və mədəni uyğunluq baxımından narahatlıqlarına səbəb ola bilər. Halbuki, Azərbaycan multikultural ənənələrə sadiq bir ölkədir və irqi, dini tolerantlıq ölkədə yüksək səviyyədədir. Bu stereotipin dəyişməsi üzərində çalışmaq zəruridir.
Türkiyə, Misir, Gürcüstan, Ermənistan və BƏƏ kimi ölkələr rus turistlər üçün daha cəlbedici alternativlər təklif edir. Bu ölkələrdəki turizm infrastrukturunun inkişafı və rus turistlərə yönəlmiş xidmətlərin artması, onların bu istiqamətlərə üstünlük verməsinə səbəb olub”.
Ekspert qeyd etdi ki, Bakıya gələn bloger turistlər sosial media hesablarında bura ilə bağlı müsbət paylaşımlar etməklə yanaşı mənfi nüansları da vurğulayırlar. Bu da digər turistlərin seçimlərinə təsir edir:
“Bəzi blogerlər Bakının müasir və təmiz şəhər olduğunu qeyd etsələr də, turistlər üçün müəyyən çətinliklərin olduğunu da vurğulayırlar. Məsələn, bəzi blogerlər qeyd edirlər ki, Bakı şəhərində taksi xidmətindən istifadə etmək rahat və komfortlu deyil. Sürücülər cərimələrə görə parkinq edə bilmirlər, turist sərnişinlər isə yolda qalırlar, minik edə bilmirlər.
Nəticə olaraq, rus turistlərin Bakıya marağının azalması bir neçə amilin birləşməsi ilə izah olunur. Bu amillər arasında nəqliyyat məhdudiyyətləri, alternativ istiqamətlərin cazibədarlığı və müəyyən ictimai-siyasi təsəvvürlər əsas rol oynayır.
Bakı rus turistlər üçün cazibəsini qismən itirib və bunun səbəbləri əsasən logistika, yəni quru yol problemi, turizm kampaniyalarının çatışmazlığı və digər regionların daha aqressiv turizm siyasəti ilə bağlıdır.
Bu tendensiyanı dəyişmək üçün quru sərhədlərin açılması, mövsümə uyğun kampaniyaların təşkili, orta büdcəli turistlərə yönəlik turizm məhsullarının hazırlanması lazımdır. Həmçinin, Rusiya turistlərinə yönəlmiş kampaniyaların keçirilməsi və turizm məhsullarının hədəf kütlənin tələblərinə uyğunlaşdırılması vacibdir”.
Turizm eksperti Rəhman Quliyevin sözlərinə görə, bugünkü dünyada baş verən siyasi qalmaqallar və iğtişaşlar qlobal turizm fəaliyyətlərinə ciddi təsir göstərir:
“Xüsusilə, Rusiya-Ukrayna müharibəsi fonunda, eyni zamanda Yaxın Şərqdəki gərginliklər, Pakistan-Hindistan arasındakı münasibətlərin kəskinləşməsi bütün dünyada turizmin inkişafına mənfi təsir edir. Bu proseslər, təbii ki, Azərbaycandan da yan keçmir.
MDB ölkələrindən Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunur. Bu hal təkcə siyasi deyil, həm də həmin ölkələrdə əhalinin sosial rifah səviyyəsinin aşağı düşməsi ilə əlaqəlidir. Rusiya iqtisadiyyatına tətbiq olunan sanksiyalar, oradakı iqtisadi tənəzzül nəticəsində Rusiyadan gələn turistlərin sayında azalma baş verə bilər.
Eyni vəziyyət Hindistan və Pakistan arasındakı gərginlik fonunda da müşahidə olunur. Hindistan turistlərinin Azərbaycana səfərlərində müəyyən azalmalar mümkündür. Bu vəziyyəti müvəqqəti siyasi və iqtisadi böhranla əlaqələndirmək olar. Hesab edirəm ki, yaxın illərdə bu çətinliklər aradan qalxacaq və Azərbaycan turizmi yenidən dinamik inkişaf mərhələsinə qədəm qoyacaq”.