Mərdəkanda maklerin tikililərə qanunsuz müdaxilə etməsi məsələsini ictimailəşdirmişdik. Söhbət Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan küçəsi 15/44 ünvanından gedir. Həmin ünvanda yaşayan Günay Rüstəmovanın şikayəti ondan ibarətdir ki, qonşu sahədə tikinti aparan şəxs (makler) ondan icazə almadan 4 il əvvəl tikdiyi hasarına bitişik şəkildə darvaza quraşdırıb və bu zaman qanunvericiliklə müəyyən edilmiş minimal ara məsafəsinə əməl etməyib. Makler həyətyanı sahəni üç hissəyə bölərək əlavə darvazalar quraşdırıb. Bu darvazalardan biri isə birbaşa ona məxsus hasara birləşdirilib və sərhəd xəttinə dirək kimi söykənib.
Xəzər rayon İcra Hakimiyyəti qanun pozuntusuna göz yumur?
Qanunsuz müdaxiləyə dərhal son qoyulmasını və hasarına birləşdirilmiş darvazanın sökülməsini tələb edən şikayətçi bununla bağlı dəfələrlə Xəzər rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə rəsmi müraciətlər etsə də, məsələ həllini tapmayıb.
Günay Rüstəmova maklerlə aralarında yaranmış tikinti mübahisəsi ilə bağlı yenidən Bizim.Media-ya müraciət edib.
Xanım şikayətçi bu dəfə problemi ilə bağlı aidiyyəti qurumların heç bir addım atmamasından gileylənib.
“Maklerin icazəsiz və qanunsuz hasarıma müdaxilə etməsinə aidiyyəti qurumlar hələ də biganəlik nümayiş etdirir. Bir vətəndaş kimi həm mülkiyyət hüququm pozulub, həm də təhlükəsizlik baxımından narahatlıq yaranıb. İndi də hasara elektrik enerjisi filan qoşulur. Amma Xəzər rayon İcra Hakimiyyəti hələ də qanunsuz addıma heç bir reaksiya vermir. İcra hakimiyyəti belə açıq qanun pozuntusuna necə göz yuma bilər? Bu azmış kimi Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Muqbilov mediaya absurd açıqlama verib ki, guya makler mənə dəymiş ziyanı ödəyəcək. Halbuki makler dəfələrlə etdiyim xəbərdarlıqlara belə məhəl qoymayıb. İcra hakimiyyəti ilə sövdələşməyə gedərək, işini görüb”.
Mənlik deyil…
Günay Rüstəmova şikayəti üzrə üz tutduğu Xəzər rayon İcra hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Çərkəz Tanrıverdiyevdən və Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Şahbala oğlu Muqbilovdan gileylənib. O, deyib ki, icra hakimiyyətininin hər iki rəsmisi qanunsuz müdaxiləyə son verilməsi əvəzinə makleri müdafiə edəcək addım atıblar. Xanım şikayətçi baş verəcək təhlükəli hal və hadisələrə görə məhz onların məsuliyyət daşıdığını dilə gətirib.
Qeyd edək ki, İlqar Müqbilov ötən dəfə saytımıza açıqlamasında "mənə aid olan hissəni etdim", "mənim səlahiyyətim bu qədərdir" və "mənlik deyil" kimi ifadələrlə məsuliyyətdən uzaqlaşmağa çalışdı.
Halbuki, əgər o, Xəzər rayon İcra Hakimiyyətinin nümayəndəsi kimi vətəndaşla görüşübsə, onun vəzifəsi sadəcə informasiya vermək deyil, problemin hüquqi və praktiki həllinə yardımçı olmaq, zəruri hallarda digər qurumları da cəlb edərək məsələnin araşdırılmasını təmin etmək idi. Sadəcə "xahişi çatdırmaq" rəsmilərin məsuliyyətini əhatə etmir.
Üstəlik “mənim xəbərim işlər yekunlaşandan sonra olub” deməklə yaxasını kənara çəkən rəsmi şəxs tikinti qanunsuz aparılıbsa, tikinti başa çatsa belə, məsuliyyət daşıyan tərəfə qarşı inzibati və ya hüquqi tədbirlər görə bilərdi.
İcra hakimiyyətinin telefonları “məzuniyyətə çıxıb”Bənzər addımı Xəzər rayon İcra hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Çərkəz Tanrıverdiyev və İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri Anar Qəmbərov da atıb. Hər iki rəsmi şəxs Bizim.Media-ya açıqlamalarında məsələnin onların səlahiyyətində olmadıqlarını deməklə kifayətləniblər.
Qeyd edək ki, Xəzər Rayon İcra Hakimiyyətində bu məsələyə birbaşa cavabdeh olan nə Təsərrüfat Şöbəsi, nə başçının müavinləri, nə də digər rəsmilər telefon zənglərimizə cavab verib. İş saatının ən fəal vaxtında rayon icra hakimiyyətinin şəhər telefonlarının susqun qalması ictimai məsuliyyətdən yayınmadır desək yanılmarıq…
Görünən odur ki, İcra hakimiyyətinin funksiyası yalnız şikayət dinləmək və yönləndirməkdən ibarətdir. Problemi həll etmək üçün koordinasiya etmək, lazımi qurumları hərəkətə gətirmək və və nəticə əldə etməyə maraqlı olmayan Xəzər İcra Hakimiyyətinin bundan əvvəl də ictimailəşdirdiyi məsələyə açıqlama verməkdən yayınması anlaşılan deyil.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin rəsmisi Pərviz Aslanov saytımıza bildirib ki, vətəndaşın müraciəti aidiyyəti üzrə yönləndirilərək cavablandırılacaq və müraciət edən şəxsə veriləcək.
Qanundan xatırlatma
Məlumat üçün bir daha qeyd edək ki, fərdi yaşayış evləri tikilərkən mütləq müəyyən minimal ara məsafələri gözlənilməlidir. Bu, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və aidiyyəti normativ sənədlərlə tənzimlənir. Qonşu tikililər arasında minimum 3 metr ara məsafəsi saxlanmalıdır (bu məsafə yaşayış zonasına, torpaq təyinatına görə dəyişə bilər); Ara məsafəsi günəş işığı, hava dövranı, yanğın təhlükəsizliyi və şəxsi məxfiliyin qorunması baxımından vacibdir. Əgər qonşunun yazılı razılığı və rəsmi tikinti icazəsi yoxdursa hasara bitişik və ya hasarı divara birləşdirən tikinti qanunsuz sayılır.
Makler və ya hər hansı şəxs (hüquqi və ya fiziki) fərdi ev tikərkən, ərazi üzrə İcra Hakimiyyətindən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, Fövqəladə Hallar Nazirliyindən (təhlükəsizlik qaydalarına uyğunluq) və ya yerli Memarlıq və Tikinti şöbəsindən (layihənin təsdiqi barədə) icazə sənədi almalıdır. Bundan əlavə əgər tikinti hasara sıfır məsafədə və ya ona birləşik aparılırsa, qonşudan yazılı razılıq mütləqdir.
Qeyd edək ki, Günay Rüstəmova bildirib ki, problemi həll olunmadığı təqdirdə məhkəməyə müraciət edəcək.
Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq…