Oktyabrın 2-də Avropa Siyasi Birliyinin Danimarkanın paytaxtı Kopenhagendə keçirilən sammitində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub.
Görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər.
Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını qeyd ediblər. Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə ediblər, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar. Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, bu, Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın avqustun 8-də Vaşinqtonda “Azərbaycan və Ermənistan arasında Sülhün və Dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in imzalanmasaından sonra baş tutan ikinci görüşüdür. Bundan əvvəl hər iki lider sentyabrın 1-də Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammiti çərçivəsində ikitərəfli müzakirələr aparmışdı. Növbəti danışıqlar isə Kopenhagendə reallaşıb. Əgər avqustun 8-ə qədər aparılan müzakirələr daha çox Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılmasına həsr olunurdusa, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə iki ölkə arasında bəyannamənin imzalanmasından sonra aparılan danışıqların xarakteri dəyişib.
Belə ki, avqustun 8-dən sonra daha çox paraflanmış sülh sazişində əksini tapmış prinsiplərə əməl edilməsi, yekun sülh müqaviləsinin tam razılaşdırılması və Zəngəzurdan “Tramp marşrutu”nun açılması istiqamətində işlərin sürətləndirilməsi tərəflər arasında keçirilən görüşlərin əsas gündəliyini təşkil edir. Bu baxımdan, Kopenhagen görüşündə Vaşinqtonda əldə olunmuş razılaşmaların icrası diqqət mərkəzində olub.
Çünki yekun sülhə və kommunikasiyaların açılmasına daha tez nail olmaq üçün real şərait formalaşıb. Mövcud konyuktur ABŞ-nin iştirakı və dəstəyi ilə imzalanmış sənədlərə uyğun konkret addımların atılmasını tələb edir. Xüsusilə də Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərə artıq başlanılması, yəni prosesin müzakirə mərhələsindən fəaliyyətə keçilməsi zərurətə çevrilib.
“Tramp marşrutu”nun açılmaması və kommunikasiyaların blokda qalması Vaşinqton razılaşmalarının pozulmasına və sülh prosesinin ləngiməsinə gətirib çıxara bilər. Ona görə də bu məsələdə başlıca məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.
Qeyd edək ki, Ermənistan tərəfi son günlər sülh danışıqlarının şərtlərinə və kommunikasiyaların açılmasına zidd mövqe nümayiş etdirən bəyanatlardan geri çəkilməlidir. Baş nazir Nikol Paşinyanın Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmadığına dair fikirləri Vaşinqton Bəyannaməsini pozur.
Halbuki, paraflanmış sülh sazişinə görə, Azərbaycan və Ermənistan bir-birinə qarşı ərazi iddiaları irəli sürməyəcəklərinə, eyni zamanda ərazi bütövlüyünə, suverenliyinə təhlükə yaradan hərəkətlə yol verməyəcəklərinə dair öhdəliklərə imza atıblar.
Ermənistan hakimiyyəti isə konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu preambulanı saxlamaqla bu öhdəliyə qarşı çıxır. Azərbaycan tərəfi də Ermənistan konstitusiyasına dəyişiklik edilməyənə qədər yekun sülh müqaviləsini imzalamayacağını dəfələrlə bəyan edib. Ona görə də sülhün reallaşması üçün Ermənistanda konstitusiya referendumu keçirilməli və bu sənədin preambula hissəsinə hüquqi cəhətdən xitam verilməlidir.
Bundan başqa, Ermənistan tərəfi son günlər “Tramp marşrutu” ifadəsi ətrafında siyasi manipulyasiyalar etməyə başlayıb. Ermənistan rəhbərliyi marşrut sözünü əsas gətirərək “Zəngəzur dəhlizi” termini inkar etməyə başlayıb. 2020-ci il 10 noyabr Bəyanatının imzalanmasından sonra Ermənistan ərazisində dəhlizin açılmasına imkan verməyəcəyini bildirən Nikol Paşinyan hökuməti 5 ilə yaxındır Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və təhlükəsiz keçidin yaradılmasına mane olub.
İndi gah Nikol Paşinyan, gah da Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Zəngəzur dəhlizi ifadəsinə qarşı sərt reaksiyalar verməklə, “Tramp marşrutu”nun yol adılandırılması şərtini dilə gətirməklə, prosesi növbəti dəfə əngəlləyir.
Əslində, “Tramp marşrutu”na Zəngəzur dəhlizi deyilməsi təsadüf deyil. Bu, daha çox “Tramp marşrutu”nun idarə edilməsi qaydaları və gələcək statusu ilə bağlı razılaşmalardan irəli gəlir. Yəni “Tramp marşrutu” fəaliyyət rejiminə görə dəhliz olacaq. Ona görə də Ermənistan rəsmilərinin etirazlarının heç bir əsası yoxdur. Yəqin ki, bu məsələlər Kopenhagen görüşündə diqqət mərkəzində olub və Ermənistanın Baş nazirinə prosesi ləngidən iddialardan çəkilməyin vacibliyi izah edilib.
Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi Paşinyanın bu cür sərt bəyanatlarının daha çox daxili ictimai rəyə hesablandığı və müxalifətin arqumentlərinin neytrallaşdırılmasına hesablandığı məlumdur. Lakin Ermənistanda seçki rəqabəti və ya Nikol Paşinyanın hakimiyyət uğrunda mübarizəsi sülh prosesinə zərbə vurmamalıdır.
Müşfiq Abdulla
“Cebheinfo.az”