Bakı şəhəri, Səbayıl rayonu, Bayıl qəsəbəsi ərazisində yaşayan Kazımova Ülviyyə Nizami qızı redaksiyamıza müraciət edərək “Music Gallery” mağazalar şəbəkəsindən qaz sobası aldığını və bu səbəbdən də ciddi problem yaşadığını bildirib.
Vətəndaş iddia edib ki, avqustun 26-da mağazadan 950 manata “Tamboy” qaz sobası alıb. O, sobanın pulunu nağd qaydada ödədiyini və məhsulun yaşadığı mənzilə 7-8 gün sonra çatdırıldığını bildirib.
Onun sözlərinə görə, sobanı quraşdırdıqdan sonra məlum olub ki, qarşıdakı gözlərdən biri yanmır və soba istifadəyə yararsız, eləcə də təhlükəlidir.
Bundan sonra Kazımova Ülviyyə Eynulla adlı satıcıya zəng edərək, qaz sobasını dəyişdirilməsini və ya pulun geri qaytarılmasını tələb etdiyini vurğulayıb. Şikayətçinin iddiasına görə, servisdə malın xarab olduğu təsdiqlənib.
O qeyd edib ki, soba “Electrolux” brendinə aid olub və şirkət Azərbaycanda artıq 5-6 ildir fəaliyyət göstərmir, alınan məhsul isə anbarda qalan xarab mal olub. Satıcı ona mağazaya gəlib 40 manat ödəməyi söyləyib. Əks halda pulun qaytarılmayacağını və məhsulun geri götürülməyəcəyini bildirib.
Kazımova Ülviyyə isə məcburiyyət qarşısında 40 manatı ödəyib və xarab sobanı geri qaytarıb. Kazımova Ülviyyə istehlakçı hüquqlarının müdafiəsini, haqsız olaraq ödədiyi 40 manatın geri qaytarılmasını tələb edir.
"DİA-AZ"