Ordubadda ikinci iş yerində çalışan müəllimlərin maaşı yarıbayarı azaldılıb. Kəsilən maaşlar isə, əvəzləyici müəllimlərin hesabına yönləltmək adı ilə mənimsənilir. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup müəllim məlumat verib.
Müəllimlərdən A. Quliyeva bildirir ki, onun ikinci iş yerindən aldığı maaş bu ay 300 manatdan 136 manata endirilib:
“Maraqlı burasıdır ki, dərsləri biz keçirik, əziyyəti biz çəkirik. Əvəzləyici müəllimlərin adı vadır, özü yox. Deyirlər ki, ikinci iş yeridir ona görə. Mən Təhsil nazirliyindən xahiş etməmişdim ki, məni ikinci məktəbə işləməyə göndərsin? Müəllim çatışmamazlığına görə çağırıb ikinci məktəbdə də dərs vermişdilər. İndi bu nə qərardır veriblər, başımız çıxmır. Mənim maaşım niyə iki dəfə azalmalıdır ki? Hər kəs ailə saxlayır, ailə dolandırır. Belə şey olar, nə vaxta qədər müəllimin aldığı maaşa göz dikiləcək?
Bu maaşla mən niyə əziyyət çəkib iki yerdə işləməliyəm. Bu qərarla həm təcrübəli müəllimləri itirirlər, həm müəllim çatışmazlığı yaradırlar, həm də dərs yükünü azaltmaq adı ilə təhsilin keyfiyyətini aşağı salırlar.”
Digər müəllim R. Qasımov isə ikinci məktəbdə işləməyin yersiz hala gəldiyini deyir:
“Normal maaş alsaq, niyə iki məktəbdə işləyib özümüzü yoraq? Onsuz da ikinci məktəbdəki maaşımız az idi, indi də yarısın kəsiblər. Bunu da biz gedib-gələrkən yolda taksiyə xərcləyirik. Pulun yarıdan çoxunu əvəzləyiciyə verirlər, amma dərsi, planı, məsuliyyəti yenə biz daşıyırıq.
Müəllim çatışmadığı üçün bizə ikinci məktəbdə dərs deməyə imkan veriblər. Əgər, belədirsə, iki yerdə işləməyin mənası qalmır. Şikayət etdik, dedilər ki, xoşunuz çəkmir ərizənizi yazın çıxıb gedin.”









